Kənd Təsərrüfatı Nazirliyi və “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə “Kənd təsərrüfatında dövlət satınalmaları: mövcud vəziyyət və perspektivlər” mövzusunda seminar keçirilib.
Doğru.az xəbər verir ki, seminarın əsas məqsədi kənd təsərrüfatı sektorunda 2024-cü ildə həyata keçirilən satınalmalar, cari vəziyyət və gələcək planlar barədə satınalan təşkilatlarla təchizatçılar arasında məlumat mübadiləsi aparmaq olub. Eyni zamanda qarşıdakı satınalma predmetləri və metodları barədə də məlumat verilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri, sahibkarlar və təchizatçılar iştirak ediblər.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, satınalmalar sadəcə məhsul və xidmətlərin alınması deyil, həm də ictimai resursların düzgün idarə olunması baxımından vacibdir. Onun sözlərinə görə, satınalma sisteminin rəqəmsallaşdırılması, ictimai iştirakın genişləndirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi şəffaf və ədalətli idarəetməyə xidmət edir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov isə qeyd edib ki, dövlət satınalmaları ictimai dəyər yaradan əsas alətlərdəndir. “Etender.gov.az” portalı üzərindən proseslərin həyata keçirilməsi bu sahədə şəffaflığı və əlçatanlığı artırır.
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə isə bildirib ki, dövlət satınalmaları kənd təsərrüfatı bazarına strateji müdaxilə vasitəsi kimi çıxış edir və bazarda sabitliyi qoruyur.
Tədbir seminar və sual-cavab sessiyası ilə yekunlaşıb.
DOĞRU.AZ