Kosmik gəmi qalıqları və digər kosmik tullantılar haqqında məlumat toplamaq üzrə ixtisaslaşmış Yapon peyki orbitə uğurla çatdı.
TASS xəbər verir ki, bu barədə “Astroscale Japan” tərtibatçı şirkəti məlumat yayıb.
ADRAS-J peyki Yeni Zelandiyanın Mahia yarımadasındakı özəl Rocket Lab kosmodromundan buraxılıb.
Hündürlüyü 1,2 m və eni 80 sm olan bu cihaz kosmosda manevr etməyə və zibil və dağıntılara minimum məsafədə yaxınlaşmağa imkan verən bir sıra kiçik mühərriklərlə təchiz edilmişdir. Onun vəzifələrindən biri Yaponiyanın 2009-cu ildə buraxılmış H2A daşıyıcı raketinin mərhələ hissələrinin tədqiqi, şəkillərin çəkilməsi və əldə edilən məlumatların Yerə ötürülməsi olacaq.
Yaponiyanın Astroscale nümayəndələri bildiriblər ki, bu, kosmik tullantılarla təhlükəsiz görüşmək üçün dünyada ilk missiyadır. Bu missiya uğurlu olarsa, şirkət müxtəlif ölkələrin hökumətləri və kommersiya təşkilatları ilə əməkdaşlıq edərək Yerin orbitində kosmik tullantıların təmizlənməsi texnologiyalarını daha da inkişaf etdirməyi planlaşdırır.
Mənbə: TASS