Əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olan Lerik rayonunda builki təsərrüfat ilində taxılçılıq sahəsində yüksək nəticələr əldə olunub.
Doğru.az xəbər verir ki, Prezidentin ərzaqlıq buğda ilə təminatın artırılmasına dair Fərmanının icrası rayonun taxılçılıq potensialını artırıb. Nəticədə bu il lerikli fermerlər 3682 hektar sahədə taxıl əkiblər ki, bu da ötən illə müqayisədə 300 hektar çoxdur.
Siyov və Dəstər kəndlərində yerləşən təsərrüfatlarda 250 hektardan artıq sahədə taxıl yetişdirilib. Siyov sakini Novruz Qənbərov 2 hektar sahədə “Qobustan” sortu buğda əkdiyini və məhsuldarlığın 25-30 sentner təşkil etdiyini bildirib.
Biçin işlərinə 13 kombayn cəlb olunub. Onlardan 4-ü çətin relyefli sahələrdə işləmək üçün nəzərdə tutulan müasir “Holland” dağ kombaynlarıdır. Dəstər kənd sakini Mübariz Dadaşov dövlət dəstəyindən razılığını ifadə edib və bu il 30 sentnerdən çox məhsul götürdüklərini qeyd edib.
Lerik Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu günədək rayonda 1758 hektar sahədə biçin başa çatıb, orta məhsuldarlıq 28 sentner təşkil edib. DAİM-in direktoru Cahani Nüsrətzadənin sözlərinə görə, Murya, Boykəndil və Vistən kəndlərində nümunəvi fermerlər sahələrdən 45-50 sentner məhsul əldə ediblər.
Yüksək dağlıq ərazilərdə isə biçinə bir neçə gün sonra start veriləcək.
DOĞRU.AZ