Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti Direktoru Məhəmmədəli Qəribli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub.
Doğru.az xəbər verir ki, sözügedən medal dövlət mükafatı statusuna malikdir və Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə mətbuatın inkişafında, peşəkar jurnalistikanın formalaşmasında, eləcə də cəmiyyətin obyektiv və operativ informasiya ilə təmin olunmasında xüsusi xidmətləri olan media nümayəndələrinə təqdim edilir.
Qeyd edək ki, uzun illər jurnalist kimi fəaliyyət göstərən Məhəmmədəli Qəribli son bir il yarım ərzində Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti Direktoru vəzifəsində çalışır. Bu müddət ərzində o, Şirkətlər Qrupunun media müstəvisində rəsmi mövqeyinin ardıcıl və peşəkar şəkildə təqdim olunmasına, eləcə də media əlaqələrinin sistemli şəkildə qurulmasına rəhbərlik edib.
DOĞRU.AZ




























