Dekabrın 23-də Milli Məclisin növbəti plenar iclası keçirilir.
Doğru.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.
Gündəliyə Azərbaycan ilə Türkiyə arasında təhsil və peşə təhsili sahəsində əməkdaşlığa dair sazişlərə əlavə protokolların təsdiqi, Oman Sultanlığı ilə diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin ratifikasiyası, eləcə də bir sıra qanunlara dəyişikliklər daxildir.
Deputatlar “Ümumi təhsil haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişiklikləri üçüncü oxunuşda müzakirə edəcəklər.
Bununla yanaşı, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara, Vergi Məcəlləsinə, eləcə də əmək, sosial sığorta, məşğulluq, gənclər siyasəti və digər sahələri əhatə edən çoxsaylı qanunvericilik aktlarına dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, təqdim olunan qanun layihələri müxtəlif sahələr üzrə hüquqi tənzimləmənin təkmilləşdirilməsinə xidmət edir.
DOĞRU.AZ




























