Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə 1875–1920-ci illərdə milli mətbuatda ticarət məsələlərinin işıqlandırılmasına həsr olunmuş mühazirə təşkil edilib. Tədbirdə “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbər heyəti iştirak edib.
Doğru.az xəbər verir ki, bu barədə “Ədibin Evi”ndən məlumat verilib.
Mühazirə zamanı çıxış edən filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva Azərbaycanın əlverişli coğrafi mövqeyi və zəngin təbii sərvətləri sayəsində əsrlər boyu mühüm ticarət mərkəzi olduğunu bildirib. O vurğulayıb ki, milli mətbuatın ilk nümunələrində sahibkarlıq fəaliyyəti, tacirlərin uğur və çətinlikləri, eləcə də ölkənin iqtisadi-ticarət dövriyyəsi ilə bağlı geniş məlumatlara rast gəlmək mümkündür.
Qeyd olunub ki, “Əkinçi”, “Kəşkül”, “İrşad”, “Həyat”, “Tərəqqi”, “Bəsirət”, “Molla Nəsrəddin”, “Tuti”, “Babayi-Əmir”, “Açıq söz” və “Azərbaycan” kimi qəzet və jurnallarda ticarət münasibətləri, gömrük siyasəti, daxili və xarici alqı-satqı əlaqələri, kənd təsərrüfatı və taxıl böhranı kimi mövzular geniş işıqlandırılıb.
Ş.Abdullayeva bildirib ki, çar hökuməti dövründə Azərbaycan imperiya üçün xammal bazası kimi nəzərdən keçirilib, yerli tacirlər isə savadsızlıq səbəbindən tez-tez rəqabət və hüquqi çətinliklərlə üzləşiblər. Milli mətbuat isə çıxış yolunu maariflənmədə və iqtisadi biliklərin artırılmasında görüb.
Daha sonra çıxış edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva bu mövzuların dövrün ədəbiyyatında da əks olunduğunu qeyd edib. O, görkəmli yazıçı və alim Mir Cəlalın yaradıcılığında maariflənmə ideyasının xüsusi yer tutduğunu diqqətə çatdırıb.
Tədbir çərçivəsində “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbər heyəti Mir Cəlalın ədəbi irsi, şəxsi əşyaları və arxiv materialları ilə tanış olub.
Qrupun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov maraqlı mühazirəyə görə təşəkkür edərək bildirib ki, Azərbaycanın ticarət tarixi ilə bağlı bu cür məlumatlar böyük dəyər daşıyır. O, “Ədibin Evi”nə ziyarətin tarixi-mədəni irslə müasir biznes mühiti arasında körpü yaratdığını vurğulayıb.
DOĞRU.AZ






























