Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib.
Doğru.az xəbər verir ki, iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşu, “Normativ hüquqi aktlar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşu və “Ali Məclis deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşu daxildir.
Gündəlikdəki birinci məsələnin müzakirəsi zamanı Bəxtiyar Məmmədov bildirib ki, büdcə layihəsi Ali Məclis komitələrinin birgə iclasında nəzərdən keçirilib və növbəti iclasa təqdim olunması qərara alınıb. İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev və Naxçıvanın maliyyə naziri Həsən İsmayılov layihə ilə bağlı çıxış ediblər. Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Hafiz İsmayılbəyli büdcə layihəsinin təhlilini təqdim edib.
Deputatların çıxışları və komitənin rəyindən sonra “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəlikdəki ikinci məsələ ilə bağlı Bəxtiyar Məmmədov bildirib ki, “Normativ hüquqi aktlar haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə əvvəlki iclasda müzakirə olunub və təqdim olunan təkliflər nəzərə alınaraq ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonuncu məsələ – “Ali Məclis deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda səsə qoyularaq qəbul olunub.
Bununla da Naxçıvan Ali Məclisinin növbəti iclası başa çatıb.
DOĞRU.AZ





























