Nyu-Yorkun mərkəzində yerləşən dəbdəbəli 102 mərtəbəli “432 Park” göydələnində çatlar əmələ gəlib. Binada həmçinin sızmalar və liftlərin tez-tez sıradan çıxması barədə məlumatlar yayılıb.
Doğru.az xəbər verir ki, The New York Times-ın məlumatına görə, sakinlər binanın keyfiyyətindən onun tikintisindən bir neçə il sonra narazılıq etməyə başlayıblar. Onlar sızan tavanlardan, işləməyən liftlərdən və güclü küləkdə cırıldayan, yellənən qonaq otaqlarından şikayət ediblər.
Müstəqil mühəndislərin və tikinti hesabatlarının nəticələrinə əsasən, 2015-ci ildə istifadəyə verilmiş binanın fasadı çuxurlar və yüzlərlə çatla örtülüb. Bu isə külək və yağışın binanın strukturuna həddindən artıq təzyiq göstərdiyini ortaya qoyur.
Ekspertlər bildiriblər ki, çatların əsas səbəbi binanın ağ beton fasadıdır. Mütəxəssislər elastomer materialla bəzək qatının örtülməsini təklif etsələr də, layihə müəllifləri bunun estetik görünüşü pozacağını əsas gətirərək təklifi rədd ediblər. Nəticədə, təhlükəsizlik vizual effektə qurban verilib.
Qeyd edək ki, The Washington Post daha əvvəl ABŞ prezidenti Donald Trampın göstərişi ilə Vaşinqtonda yeni bal zalının tikintisi üçün Ağ Evin Şərq Qanadının fasadının sökülməsinə başlanıldığını yazmışdı.
DOĞRU.AZ