image-n1karobka_ads
image-123
image-011424_1049_piyadakeidl27backend

Piyada keçidlərində təhlükə: Sürücü və piyadalar qaydalara əməl etməlidir

image-ad_qayo_720x110px

Piyada keçidləri yol hərəkəti təhlükəsizliyi baxımından xüsusi risk daşıyan sahələr hesab olunur. Bu ərazilərdə baş verən yol-nəqliyyat hadisələrinin təhlili qəzaların əsasən sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi səbəbindən baş verdiyini və ağır nəticələrlə müşayiət olunduğunu göstərir.

Doğru.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib.

Məlumata görə, Bakı–Şamaxı avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi bir daha sübut edir ki, eynisəviyyəli piyada keçidlərində qəzaların əsas səbəbləri sürət həddinin aşılması, diqqətsizlik, tələskənlik və riskin düzgün qiymətləndirilməməsidir. Qeyd olunub ki, piyada keçidinə yaxınlaşan sürücülərin sürəti vaxtında azaltmaması, yol şəraitini lazımi səviyyədə müşahidə etməməsi və piyadalara üstünlük verməməsi ağır nəticələrə yol açır.

BDYPİ vurğulayıb ki, sükan arxasında verilən hər bir qərar insan həyatına birbaşa təsir göstərir. Bu səbəbdən piyada keçidlərinə yaxınlaşarkən sürücülərin maksimum diqqətli və ehtiyatlı olması zəruridir.

Eyni zamanda piyadaların da yol hərəkətinin iştirakçısı kimi üzərlərinə düşən məsuliyyəti unutmamalı olduqları bildirilib. Onların yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməsi, yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və hərəkətin intensivliyini düzgün qiymətləndirməsi vacib hesab olunur. Qəfil hərəkətlər, ləngimələr və yola qaçaraq çıxmaq isə qəza riskini xeyli artırır.

Məlumatda qeyd edilib ki, piyada keçidlərində təhlükəsizliyin təmin olunması yalnız qarşılıqlı məsuliyyət prinsipi əsasında mümkündür. Sürücü və piyadaların qaydalara ciddi əməl etməsi insan həyatının qorunmasında həlledici rol oynayır. BDYPİ bütün yol hərəkəti iştirakçılarını qaydalara riayət etməyə və insan həyatına biganə qalmamağa çağırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki