Qırğızıstanın paytaxtı Bişkekdə şəhər istilik elektrik stansiyasında (İES) baş vermiş qəza ilə əlaqədar çoxmənzilli binalara isti su və istilik verilməsi dayandırılıb.
TASS bu barədə respublikanın Energetika Nazirliyinə istinadən yazır.
Qeyd olunur ki, şəhər sakinləri evlərinə fasiləsiz elektrik enerjisi verilir.
Paytaxtda vətəndaşların evlərində istiliyin bərpası istiqamətində işlərin aparılması üçün operativ qərargah yaradılıb. Eyni zamanda, idarə əhalini “mövcud vəziyyətə anlayışla yanaşmağa” çağırıb.
İES-də qəza fevralın 2-nə keçən gecə baş verib, avadanlıq sıradan çıxıb. Nəticədə İES-in üç əməkdaşı xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır, birinin vəziyyəti isə son dərəcə ağırdır.
Hazırda Bişkekdə nəqliyyat, mağazalar, banklar və dövlət qurumları adi rejimdə işləyir. Məktəblər onlayn təhsil rejiminə keçib.
Mənbə: TASS