Doğru.az xəbər verir ki, şimal bölgəsinin əsas taxılçılıq rayonlarından olan Qusarda biçin işləri sürətlə davam edir. Bu il məhsulun vaxtında və itkisiz yığılması üçün rayona yeni kombaynlar cəlb olunub. Biçin kampaniyasına 70-ə yaxın kombayn qoşulub.
Qusarlı fermerlər builki məhsuldarlığın qənaətbəxş olduğunu bildirirlər. Arpa sahələrində orta məhsuldarlıq 28-30 sentner təşkil edir. Fermer Jalə Əmirbəyova qeyd edib ki, bu il hava şəraiti taxıl üçün əlverişli olub, bu da məhsula müsbət təsir göstərib.
Təsərrüfatçı Şakir Pənahov isə kombayn təminatında problem olmadığını, aran bölgələrindən əlavə texnika gətirildiyini bildirib.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacovun sözlərinə görə, indiyədək 8470 hektarda biçin aparılıb, 6580 hektar arpa sahəsində işlər yekunlaşıb, 1890 hektarda isə buğda biçilib. Ümumi məhsul 24 min tonu ötüb. Orta məhsuldarlıq 28,1 sentnerdir.
Rayonda biçin kampaniyasının iyulun sonuna qədər başa çatdırılması planlaşdırılır.
DOĞRU.AZ