Doğru.az xəbər verir ki, dekabrın 17-də Milli Məclisin sədri Sahibə Qafarova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüşüb.
Görüşdə Azərbaycan–Avropa İttifaqı münasibətləri, qarşılıqlı səfər və görüşlərdəki müsbət dinamika müzakirə olunub. Xüsusilə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərinin ikitərəfli gündəliyin müxtəlif aspektlərinin müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.
Mariyana Kuyundziç Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan nailiyyətləri tarixi hadisə kimi dəyərləndirib. Sahibə Qafarova isə parlamentlər arasında etimad quruculuğu tədbirləri və Avropa İttifaqı–Ermənistan tərəfdaşlığı ilə bağlı narahatlıqları diqqətə çatdırıb.
Görüşdə enerji, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub. Milli Məclis sədri həmçinin Avropa Parlamentinin ölkəmiz əleyhinə qətnamələrinin regionda reallıqlarla və sülh prosesində əldə edilmiş nailiyyətlərlə nə qədər qərəzli olduğunu vurğulayıb.
DOĞRU.AZ




























