Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə regionlarda toxum sərgi-satış yarmarkaları uğurla davam etdirilir.
Doğru.az xəbər verir ki, növbəti tədbir Şəki şəhərində keçirilib. Festivalın əsas məqsədi regionda toxumçuluq sahəsinin inkişaf perspektivlərini nümayiş etdirmək, yerli fermerlərin satış imkanlarını genişləndirmək, sahibkarlığın təşviqi və yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdir.
Tədbirin rəsmi açılışında Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkədə kənd təsərrüfatı sahəsində aparılan islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sektorun dinamik inkişaf etdiyini vurğulayıb. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə festival və sərgi-satış yarmarkalarının regionlarda toxumçuluq sahəsinin inkişafına töhfə verdiyini qeyd edib.
Sərgi çərçivəsində toxum istehsalçıları, şirkətlər və yerli fermerlər məhsullarını nümayiş etdiriblər. İştirakçılara müasir texnologiyalar, gübrə və toxum nümunələri, güzəştli kredit imkanları barədə məlumat verilib və təlimlər keçirilib.
Festivalda təqdim olunan toxum növlərinə “Yubiley 90”, “Mətin”, “Əsgəran”, “Arsenal”, “Lider”, “Ləyaqətli 80” yumşaq buğda sortları və “Dəyanətli”, “Cəlilabad 19”, “Sadiq”, “İdra” və digər arpa növləri daxildir.
Təlim zamanı Aqrar Xidmətlər Agentliyinin mütəxəssisi Vüqar Hacıəhmədzadə payızlıq taxıl əkinlərində sertifikatlı toxumlardan istifadə, məhsuldarlığın artırılması üçün düzgün texnologiyalar və regionun aqroiqlim şəraitinə uyğun əkin üsulları barədə iştirakçılara ətraflı məlumat verib. Fermerlər və toxum istehsalçıları mütəxəssislərlə birbaşa müzakirələr apararaq praktik tövsiyələr alıblar.
DOĞRU.AZ





























