Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən silsilə Aqrar Biznes Festivallarının növbəti ünvanı Şəmkir rayonu olub.
Doğru.az xəbər verir ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev kənd təsərrüfatı sahəsində müasir texnologiyaların və innovativ yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb. O qeyd edib ki, 2023-cü ildə rayonda 746,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunubsa, 2024-cü ildə bu göstərici 795,5 milyon manata yüksəlib.
Festivalın əsas məqsədinin regionların aqrar potensialını nümayiş etdirmək və işgüzar əlaqələri gücləndirmək olduğunu bildirən Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov çıxışı zamanı vurğulayıb ki, bu tip tədbirlər sahibkarlar üçün faydalı əməkdaşlıq imkanları yaradır.
Tədbir çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirəsi təşkil olunub, daha sonra yerli sahibkarların məhsul və texnikalarının nümayiş olunduğu sərgi stendlərinə baxış keçirilib. Sərgidə Şəmkirdə fəaliyyət göstərən 20-dən artıq sahibkar və şirkətin təqdim etdiyi meyvə-tərəvəz məhsulları, toxum və bitki sortları, həmçinin kənd təsərrüfatı texnikaları sərgilənib.
Festival şəmkirli incəsənət ustalarının hazırladığı bədii proqramla başa çatıb.
DOĞRU.AZ