“Bəzi sosial media paylaşımlarında Türkiyənin İranın xeyrinə müharibəyə qoşulacağı və ya Livana hərbi müdaxilə edəcəyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) məlumat yayıb.
Bildirilib ki, Türkiyə müharibənin tərəfdarı deyil.
“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə rəsmi Ankara hücumların dərhal dayandırılması, müharibənin genişlənməsinin qarşısının alınması və bölgədə sülhün bərpası üçün intensiv diplomatik səylər göstərir. Türkiyənin bu konstruktiv mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir.
Bu cür əsassız paylaşımlar psixoloji müharibənin bir hissəsi kimi dəyərləndirilir və Türkiyənin beynəlxalq imicinə, həmçinin krizis dövründəki vasitəçilik roluna xələl gətirmək məqsədi daşıyır”, – deyə bəyanatda qeyd olunub.
Qurum vətəndaşları yayılan yalan məlumatlara inanmamağa və yalnız rəsmi açıqlamaları əsas götürməyə çağırır.



























