Azərbaycanda yemiş sahələrinin sərfəli şərtlərlə sığortalanmasına başlanılıb. Aqrar Sığorta Fondu tərəfindən həyata keçirilən bu mexanizm sayəsində fermerlər əkin sahələrini dolu, sel, leysan, yanğın, xəstəliklər və digər risklərdən qoruya bilirlər. Sığorta haqqının 50 faizi dövlət tərəfindən qarşılanır.
Yemiş-qovun ölkəmizdə 5 min hektara yaxın sahədə becərilir və əsasən Saatlı, Kürdəmir, Sabirabad, Ağsu, Salyan, Masallı və Hacıqabul rayonlarında əkilir. Təkcə Saatlıda 912 hektar yemiş sahəsi mövcuddur.
Sığorta tarifləri regionlara görə dəyişir və 1,87%-dən 4,56%-ə qədərdir. Aran bölgəsində bu göstərici 1,96% təşkil edir. Məsələn, Sabirabad-Saatlı bölgəsində 1 hektar sahənin baza sığorta paketi ilə sığortalanması üçün 188 manat tələb olunur. Bunun 94 manatını dövlət qarşılayır, fermer isə cəmi 94 manat ödəyir. Doludan keyfiyyət itkisinə qarşı əlavə sığorta isə sadəcə 19 manata başa gəlir.
Fonddan bildirilib ki, yemiş bitkisi təbiət hadisələrinə çox həssasdır və əvvəlki illərdə bir çox bölgədə dolu və digər fəlakətlər bu məhsula ciddi zərər vurub. Bu səbəbdən fermerlərə məhsullarını sığortalamaq tövsiyə olunur.
DOĞRU.AZ