Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzində Oğuz və Qəbələ rayonlarından olan vətəndaşlarla görüş keçirib, onların müraciətlərini dinləyib və şikayətlərinə baxıb.
Doğru.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsi görüşlə bağlı məlumat yayıb.
Müraciətlər əsasən baş vermiş hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, buğda, arpa və qarğıdalı sahələrinin sığortalanması, aqrar sığorta haqlarının hesablanması və ödənilməsi, meyvə bağları üzrə subsidiyaların verilməsi və digər məsələlərlə bağlı olub.
Fuad Sadıqov hər bir vətəndaşın müraciətini dinləyərək ətraflı izahlar verib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə qısa müddətdə həll olunması üçün aidiyyəti struktur rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində həll edilib, digər məsələlər isə araşdırılaraq nəzarətə götürülüb. Fondun fəaliyyətinə aid olmayan müraciətlər müvafiq qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Qeyd olunub ki, aqrar sığorta fermerlər üçün mühüm dəstək mexanizmidir və sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi bu sistemi daha əlçatan edir. Fondun sədri fermerləri payızlıq əkin sahələrinin sığortalanması mövsümünün başladığı barədə məlumatlandıraraq sahələrin sığortalanmasını tövsiyə edib.
Görüşdən sonra Fuad Sadıqov Oğuz rayonunda intensiv alma, gavalı, gilas və qoz bağlarında olub, fermerlərlə söhbət aparıb.
DOĞRU.AZ





























