Böyük Britaniyanın baş naziri Key Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz dekabrın 8-də Londonda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş keçirəcək.
Doğru.az xəbər verir ki, görüşün əsas mövzusu ABŞ və Ukrayna nümayəndələri arasında münaqişənin həllinə dair danışıqların gedişi olacaq. Məlumatı “The Independent” nəşri yayıb.
Nəşrin məlumatına görə, üç ölkə lideri Zelenski ilə Dauninq-stritdə bir araya gələcək və Ukraynadakı vəziyyətə dair diplomatik perspektivlər müzakirə olunacaq.
Qeyd edək ki, dekabrın 4-də Almaniyanın “Der Spiegel” jurnalı Avropa liderləri ilə Zelenski arasında telefon danışığının stenoqramını dərc edib. Söhbət Rusiya və Ukrayna arasında mümkün nizamlanma variantlarına həsr olunub.
Məlumatlara görə, Makron və Merz Zelenskiyə ABŞ-ın Ukraynaya qarşı mövqeyində dəyişiklik ola biləcəyi və Vaşinqtonun Kiyevə “xəyanət edə biləcəyi” barədə xəbərdarlıq ediblər.
Bu arada Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva nizamlanma ilə bağlı sənədlər üzrə Vaşinqtona öz narahatlığını çatdırıb. Onun sözlərinə görə, Vladimir Putinin ABŞ nümayəndələri ilə danışıqları “çox məzmunlu” olub.
DOĞRU.AZ




























