Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli noyabrın 21-də Astara Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) vətəndaşlarla görüş keçirib, onların müraciətlərini dinləyib.
Doğru.az xəbər verir ki, qəbul zamanı müraciətlər əsasən işlə təminat, subsidiya ödənişləri, baytarlıq xidmətləri, güzəştli kreditlər və digər aqrar məsələlərlə bağlı olub. Aparat rəhbəri hər bir vətəndaşı diqqətlə dinləyib və qaldırılan məsələlərin operativ şəkildə araşdırılıb həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həll olunub, bir qismi isə əlavə araşdırma üçün nəzarətə götürülüb.
Azad Cəfərli görüş zamanı Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların fermerlərin rifahına və aqrar sahənin davamlı inkişafına ciddi təkan verdiyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Daha sonra Aparat rəhbəri DAİM kollektivi ilə görüşərək iş prosesləri, tətbiq olunan yeniliklər və fəaliyyətin təşkilinə dair tövsiyələrini verib. 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə seçilən əməkdaşlar təşəkkürnamələrlə təltif olunub.
Qəbuldan sonra Azad Cəfərli Astaranın Kələdəhnə kəndində yerləşən “Beluqa Astara” MMC-nin balıqartırma təsərrüfatına və 24 hektarlıq intensiv naringi bağlarına baxış keçirib. Fermerlərlə söhbət zamanı balıqçılığın inkişafı, müasir aqrotexniki qulluq, intensiv bağçılığın genişləndirilməsi və aqrar sahənin digər aktual məsələləri müzakirə edilib.
DOĞRU.AZ





























