image-n1karobka_ads
image-123
image-4dd39edc-bc20-4d25-ac48-0f9ae5a444a0backend

Azərbaycan və Braziliya COP30-da “Bakıdan Belemə Yol Xəritəsi”ni təqdim edib

image-ad_qayo_720x110px

Noyabrın 10-dan 22-dək Braziliyanın Belem şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 30-cu Sessiyası (COP30), noyabrın 6-7-də isə Liderlər Zirvəsi keçirilib. Liderlər Zirvəsində Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Doğru.az xəbər verir ki, COP30-un rəsmi açılış günündə COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib. COP29-un sədri, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev açılış sessiyasında çıxış edərək Bakıda keçirilmiş COP29-un tarixi nəticələri və ölkəmizin sədrliyi dövründə həyata keçirdiyi işlər barədə məlumat verib.

COP30-un hər iki seqmentində Xarici İşlər Nazirliyinin nümayəndə heyəti də iştirak edib və konfransın yekununda qəbul ediləcək sənədlər üzrə aparılan danışıqlara cəlb olunub. İki mühüm qərarla bağlı danışıqların aparılması və razılaşdırılması da Azərbaycana həvalə edilib.

COP30-un sədri Andre do Laqo tərəfindən Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliya XİN rəhbərinin müavini Mauricio Lyrioya COP31-in ev sahibliyinə namizəd ölkələr – Türkiyə və Avstraliya arasında danışıqlara rəhbərlik etmək səlahiyyəti verilib. 12 günlük intensiv danışıqlardan sonra COP31-ə ev sahibliyi Türkiyəyə verilməsi barədə qərar qəbul olunub.

Bundan əlavə, Azərbaycan və Norveç nümayəndələrinə Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (GST) ilə bağlı sənədlərin razılaşdırılması prosesinə rəhbərlik etmək mandatı verilib. Danışıqlara Azərbaycan tərəfdən Yalçın Rəfiyev, Norveç tərəfdən isə iqlim və ətraf mühit naziri Andreas Bjelland Eriksen rəhbərlik edib və tərəflər öz tövsiyələrini COP31-in Braziliya sədrliyinə təqdim ediblər.

COP29 Sədrinin Fəaliyyət Gündəliyi çərçivəsində Azərbaycan sülh və miqrasiya, su, səhiyyə, şəhərlər və iqlim şəffaflığı mövzularında beş tədbir təşkil edib. Həmçinin ölkəmiz yenilənən enerji, hidrogen və kənd təsərrüfatı təşəbbüsləri ilə bağlı bir neçə tədbirə həmtəşkilatçı kimi dəstək verib.

Nəticə olaraq, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30-da təqdim edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki