Noyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, eləcə də regional məsələlər müzakirə olunub.
Doğru.az xəbər verir ki, Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə liderləri arasında təmasların, mövcud siyasi dialoqun və parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb. Görüşdə həmçinin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın bu il ölkəmizə həyata keçirdiyi iki səfərin münasibətlərə əlavə təkan verdiyi qeyd olunub.
Tərəflər siyasət, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib. Xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regiondan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ





























