Dekabrın 15-dək ölkə üzrə əkin aparılmış 100 min 468,1 hektar sahədən kondisiya çəkidə 355 min 663 ton xam pambıq tədarük edilib.
Operativ məlumata əsasən, pambıq üzrə orta məhsuldarlıq 35,40 sentner/ha təşkil edir.
Xatırladılıb ki, Azərbaycanda pambıq əkinləri fermerlərlə pambıq tədarükü və emalı şirkətləri arasında bağlanan müqavilələr əsasında həyata keçirilir. “Contract farming” formatında aparılan bu sistem fermerlərin əkin xərclərini və məhsulun satışını təmin edən səmərəli mexanizm kimi uzun illərdir tətbiq olunur.
2025-ci təsərrüfat ilində respublikanın 16 rayonunda pambıq əkini aparılıb. Əkinlərin təxminən 86 faizi pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun — Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad və Salyanın payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi sahəsi 86 min hektara yaxındır.
Ən yüksək məhsuldarlıq Beyləqan rayonunda qeydə alınıb. Burada orta məhsuldarlıq 41,26 sentner/ha təşkil edir. Məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala, Biləsuvar, Tərtər, Bərdə və Saatlı rayonları tutur.
Qeyd olunub ki, pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci ildə müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə yetişdirilən pambığın hər tonuna görə fermerlərə 210 manat, ənənəvi üsulla suvarılan sahələrdə isə 195 manat subsidiya ödənilir.
Bildirilib ki, 2026-cı ildə pambıq üzrə məhsul subsidiyasının artırılması nəzərdə tutulur. Gələn ildən müasir suvarma sistemləri olan sahələrdə yetişdirilən pambığın hər tonuna görə 215 manat, digər sahələrdə isə 200 manat subsidiya veriləcək.
Hazırda respublikada pambıq yığımı davam edir.
DOĞRU.AZ




























