Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən kənd təsərrüfatı texnikalarının təhlükəsiz və qanuni idarə edilməsini təşviq etmək, texniki baxışın əhəmiyyəti, qaydaları və tələbləri barədə fermerləri məlumatlandırmaq məqsədilə “Mexaniki nəqliyyat vasitələri və qoşqularının dövlət texniki baxışı” mövzusunda maarifləndirici videoçarx hazırlanıb.
Aqrar Təlim Mərkəzindən Doğru.az-a verilən məlumata görə, videoçarxın əsas məqsədi kənd təsərrüfatı texnikalarının vaxtında və qaydalara uyğun şəkildə dövlət texniki baxışından keçirilməsinin vacibliyinə diqqət çəkməkdir. Çarxda texniki baxışın məqsədləri – təhlükəsizlik, qəzaların qarşısının alınması, ekoloji qorunma və səmərəli istismar kimi mühüm istiqamətlər əhatə olunur. Həmçinin videoçarxda texniki baxışdan keçmək üçün tələb olunan sənədlər, dövlət rüsumu və utilizasiya haqqı barədə ətraflı məlumat təqdim edilir.
Maarifləndirici material fermerlərə, texnika sahiblərinə və operatorlara texniki baxış prosesinin sadə qaydalarını izah edir, təhlükəsiz və məsuliyyətli idarəetmə vərdişlərinin formalaşmasına töhfə verir. Bu cür maarifləndirici layihələr kənd təsərrüfatı texnikasının istismarında təhlükəsizliyin artırılmasına, hüquq pozuntularının azalmasına və ekoloji standartlara riayət olunmasına xidmət edir.
Qeyd edək ki, mexaniki nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki nəzarəti Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir.
Videoçarxı link vasitəsilə izləmək olar.
DOĞRU.AZ