Macarıstan bu il “Lenovo” Formula 1 Qran-Prisinin 40-cı ildönümünü xüsusi hazırlıqlarla qarşılayır. Yarışın böyük maraqla izləniləcəyi gözlənildiyindən, paytaxt Budapeşt yaxınlığındakı Hunqarorinq trassında genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir.
Doğru.az xəbər verir ki, “Hungaroring Sport Plc” şirkətinin prezidenti və baş icraçı direktoru Jolt Dülay görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, əsas tribuna və inzibati binada demək olar ki, bütün tikinti mərhələləri başa çatmaq üzrədir:
“Fevral ayının sonuna kimi binanın əsas karkası tamamlandı. Hazırda birinci mərtəbədə elektrik, mexaniki və daxili bölmələrin yerləşdirilməsi işləri görülür. Qaraj qapıları artıq quraşdırılıb.”
Yeni dam örtüyü tam tikilib, tribunaların karkas hissəsi hazırdır. Pilləkənlər artıq yerləşdirilib, oturacaqların quraşdırılması isə növbəti mərhələdə həyata keçiriləcək. Binanın tam istifadəyə verilməsi gələn ilin Qran-Prisinə planlaşdırılır. Lakin bu il üçün yalnız qarajlar və birinci mərtəbə istismarda olacaq. Media zonası və idarəetmə bölməsi müvəqqəti məkana köçürüləcək.
Bütün yenilənmə işlərinin 2026-cı ilədək başa çatacağı gözlənilir. Nəticədə Hunqarorinq yalnız Macarıstanın deyil, regionun da ən müasir idman və tədbir mərkəzlərindən birinə çevriləcək.
DOĞRU.AZ