Fransa prezidenti Emmanuel Makron “Echos” qəzetinə verdiyi müsahibədə bildirib ki, Pekin Avropa İttifaqı ilə Çin arasında ticarət kəsirini aradan qaldırmaq üçün addım atmasa, Çin mallarına yüksək tariflər tətbiq oluna bilər.
Doğru.az xəbər verir ki, Makron Çin tərəfinə mesajında Avropanın qarşıdakı aylarda sərt tədbirlərə əl ata biləcəyini vurğulayıb: “Əgər onlar reaksiya verməsələr, avropalılar olaraq Çin mallarına tariflər tətbiq etməyə məcbur olacağıq”, – deyə Fransa lideri qeyd edib.
Makron həmçinin bildirib ki, Fransa ABŞ nümunəsi əsasında Çinlə əməkdaşlığı dayandırmaq məcburiyyətində qala bilər. Bununla yanaşı, o, ticarət mübahisələrinin sülh yolu ilə həllinə inandığını da qeyd edib.
Bundan əvvəl Fransa prezidenti Çini Avropada fabriklər açmağa və Avropa bazarında iş yerləri yaratmağa çağırmışdı. Onun fikrincə, Çin öz daxili istehlakını gücləndirmək üçün yeni iqtisadi gündəm axtarır.
Xatırladaq ki, oktyabr ayında Niderland hökuməti “ciddi idarəetmə pozuntularına” görə Çin çip istehsalçısı Nexperia-nı nəzarətə götürmək qərarı verib.
DOĞRU.AZ




























