Naxçıvan şəhəri və Şərur rayonunda yeni salınmış tingçilik sahələrinə və kolleksiya meyvə bağına baxış keçirilib.
Doğru.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tədbirdə intensiv bağçılığın inkişafının muxtar respublikada prioritet istiqamətlərdən olduğu vurğulanıb.
Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun Naxçıvan şəhəri və Şərur Dayaq Məntəqəsində innovativ texnologiyaların tətbiqi ilə tingçilik sahələri və kolleksiya meyvə bağı yaradılıb. Burada sağlam və yüksək məhsuldarlığa malik tinglərin yetişdirilməsinə başlanılıb. Ting materialı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan əldə olunub.
Layihənin əsas məqsədi sağlam əkin materialı istehsalını təmin etmək, meyvə bağlarında məhsuldarlığı artırmaq, regionda dayanıqlı ting bazası formalaşdırmaq və elmi-texnoloji yenilikləri geniş tətbiq etməkdir. Təşəbbüs muxtar respublikanın ixrac potensialının yüksəldilməsinə də xidmət edir.
Yeni sahələrdə gilas, badam və şaftalı olmaqla 21 xarici sort üzrə 1 050 ting və 50 min calaqaltı salınıb. Kolleksiya bağı müasir standartlara uyğun suvarma sistemi ilə təmin edilib. Tingçilik sahəsi və kolleksiya meyvə bağı 2 hektar ərazidə salınıb.
DOĞRU.AZ





























