image-n1karobka_ads
image-123
image-lesx98eqqgpp3g3fzzqefjc4uyabmpwpg3f9sttq_1200backend

Prezident İlham Əliyev Fələstinin yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı xalqlarımızı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini deyərək, səfirin ölkəmizdə fəaliyyəti dövründə bunun şahidi olacağına əminliyini bildirdi, xalqlarımız arasında münasibətlərin dövlətlərarası əlaqələr üçün də önəmli amil olduğunu vurğuladı. Əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini deyən Azərbaycan Prezidenti bu xüsusda yüksəksəviyyəli müxtəlif qarşılıqlı səfərlərin önəminə toxundu. Dövlətimizin başçısı ikitərəfli siyasi əlaqələrimizi qeyd edərək, ölkələrimiz arasında qarşılıqlı dəstəyi və həmrəyliyi vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın Fələstin xalqının haqlı tələbini, İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” və BMT-nin müvafiq qərarları əsasında həllini, eyni zamanda, BMT Baş Assambleyasında Fələstin məsələsi ilə əlaqədar keçirilən səsvermələrdə Fələstinin haqlı mövqeyini həmişə dəstəklədiyini bir daha bildirdi. Ölkəmizin Fələstinə göstərdiyi humanitar yardımı xatırladan Azərbaycan Prezidenti bunun gələcəkdə də davam edəcəyini dedi.

Prezident İlham Əliyev Fələstinin ölkəmizdəki səfirliyinin uzun müddətdir fəaliyyət göstərməsini məmnunluqla qeyd edərək, bunun üçün Azərbaycan dövlətinin verdiyi dəstəyə toxundu.

Dövlətimizin başçısı Azərbaycanın daim İslam həmrəyliyinin gücləndirilməsinə çalışdığını dedi və bunun İslam Əməkdaşlıq Təşkilatı, onun rəhbər orqanları tərəfindən həmişə yüksək qiymətləndirildiyini vurğuladı. Bu təşkilatın Zirvə görüşünün gələn il Azərbaycanda təşkil ediləcəyini bildirən dövlətimizin başçısı belə mötəbər tədbirin keçirilməsi üçün ölkəmizin seçilməsini bütün müsəlman aləmində bizə olan xoş münasibət kimi qiymətləndirdi və Fələstinin də bu toplantıda yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını ifadə etdi.

Əhməd Metani Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Fələstin Prezidentinin ölkəmizə rəsmi səfərini, həmçinin onunla beynəlxalq tədbirlər zamanı görüşlərini məmnunluqla xatırladı.

Səfir dövlətimizin başçısının 15 İyun – Milli Qurtuluş Günündə onu qəbul etməsindən böyük şərəf hissi keçirdiyini bildirdi. O, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə ölkəmizin çətin vəziyyətdən çıxdığını vurğuladı. “Biz Azərbaycan üçün hər zaman tərəqqi, həmçinin daha yüksək nailiyyətlər və əmin-amanlıq arzu edirik”, – deyən səfir Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti və rəhbərliyi nəticəsində ölkəmizin regionda və dünya səviyyəsində çox mühüm bir dövlətə çevrildiyini qeyd etdi.

Söhbət zamanı siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstəkdən məmnunluq ifadə olundu.

DOĞRU.AZ

image-v0a0uzwszitfe0kwr6x9o0kjafdghwstsxhsqy1w_640 image-hjwevlkgdo239pvav2cdq3dq4qu9u0fnzraug9qk_640 image-3adqyelxpkjj15j7tfx4lj0l632n7qrjztxhlcva_640 image-wed1htdrwk6pxmbl0eittfsue87pasnbbnqyaxze_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki