Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli “Talıstan” liseyinin yeni binasının açılışında iştirak edib.
Doğru.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısına liseydə yaradılmış şərait barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov məlumat verib.
“Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa edilən 1296 şagird yerlik lisey binası dörd mərtəbədən və beş korpusdan ibarətdir. Təhsil ocağında 56 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika, texnologiya və çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməkxana yaradılıb.
Layihə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və təhsilin inkişafını prioritet istiqamət kimi müəyyən edən dövlət siyasətinin tərkib hissəsidir. Bu sahədə Heydər Əliyev Fondunun rolu da xüsusi vurğulanmalıdır. Fond illərdir ölkədə müasir təhsil infrastrukturunun formalaşdırılmasına mühüm töhfələr verir.
Liseylə tanışlıqdan sonra Prezident İlham Əliyevə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr barədə də məlumat verilib. Bildirilib ki, 2020–2025-ci illər ərzində İsmayıllıda istifadəyə verilən yeni istehsal və istirahət obyektlərində 400-ə yaxın iş yeri yaradılıb.
Dövlət başçısına həmçinin rayonun Tircan kəndində inşa olunan və illik istehsal gücü 25 milyon litr olan su istehsalı müəssisəsi barədə də məlumat verilib. Müəssisədə 80 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın turizm mərkəzlərindən biri olan İsmayıllı son illərdə sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rayona bu vaxta qədər 10 dəfə səfər etməsi, bölgənin sosial-iqtisadi yüksəlişində mühüm rol oynayıb.
DOĞRU.AZ