image-n1karobka_ads
image-123
image-17507509853198949527_1200x630backend

Prezident İlham Əliyev Mingəçevirdə İtaliya nümayəndə heyətini qəbul edib – FOTO  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Adolfo Urso ilə görüşləri məmnunluqla xatırlandı.

Prezident İlham Əliyev Adolfo Ursoya “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirakına görə minnətdarlığını bildirdi, gələcəkdə də birgə layihələrin həyata keçiriləcəyinə ümidvarlığını ifadə etdi.

Qonaq İtaliyanın “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakını ölkələrimiz arasında dostluğun və uğurlu əməkdaşlığın göstəricisi kimi dəyərləndirdi.

Azərbaycana dəfələrlə səfər etdiyini xatırlayan Adolfo Urso bu tədbirdə iştirakdan məmnunluğunu bildirdi. O, 2020-ci ildə Gəncə və Ağdam şəhərlərinə səfərinə toxundu.

Dövlətimizin başçısı Adolfo Ursonun işğaldan azad edilmiş torpaqlarımızda Avropa ölkəsini təmsil edən ilk xarici yüksəksəviyyəli şəxslərdən biri olduğunu vurğuladı və buna görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işlərinin aparıldığını və orada artıq 3 beynəlxalq hava limanının istifadəyə verildiyini dedi.

Söhbət zamanı münasibətlərimizin strateji xarakter daşıdığı bildirildi, siyasi əlaqələrimizin çox yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Azərbaycan-İtaliya əməkdaşlığının daha da genişləndirilməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxunuldu.

Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi bildirildi, enerji, o cümlədən bərpaolunan enerji, metallurgiya, kənd təsərrüfatı, əczaçılıq, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərində iştirakı qeyd edildi. “AzərEnerji” ilə “Ansaldo Energia” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.

DOĞRU.AZ

image-1750750985520651138_1200x630 image-17507509853136512263_1200x630 image-1750750985207118747_1200x630 image-1750750985116009152_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki