Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Malta Respublikasında “Mürəkkəb dövrdə yaxşı idarəçiliyin dəstəklənməsi: Ombudsmanın rolu” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Doğru.az xəbər verir ki, tədbirdə Maltanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatları iştirak edib.
Səbinə Əliyeva çıxışında etik idarəetmə və yaxşı idarəçilik prinsiplərinin gücləndirilməsinin ictimai etimadın qorunmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, idarəetmə etikası və qanunun aliliyi dövlət orqanlarının fəaliyyətinə etimadı möhkəmləndirir və Ombudsman təsisatlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Müvəkkil həmçinin ölkəmizdə işgüzar idarəetmə etikası və yaxşı idarəçilik prinsiplərinin möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib, rəqəmsal resurslardan istifadə ilə vətəndaş müraciətlərinin asanlaşdırılması və ictimai məlumatlandırmanın artırılması istiqamətində təşəbbüslərin həyata keçirildiyini diqqətə çatdırıb.
Səfər çərçivəsində Ombudsman Maltanın Prezidenti xanım Miriam Spiteri Debono tərəfindən qəbul edilib və konfrans iştirakçıları ilə görüşlər keçirib.
DOĞRU.AZ