Arktikaya daxil olmayan NATO ölkələri, xüsusilə Böyük Britaniya yüksək enliklərdə hərbi təmkin nümayiş etdirmir və Uzaq Şimala potensial hərbi əməliyyatlar meydanı kimi baxır.
Doğru.az xəbər verir ki, bu fikri Rusiyanın Oslodakı səfiri Nikolay Korçunov səsləndirib.
Diplomatın sözlərinə görə, Qərb ölkələri Arktikada guya böyüyən “Çin təhlükəsi” ilə bağlı yalan məlumatlar yayır. O qeyd edib ki, reallıqda bütün qeyri-Arktika dövlətləri arasında hərbi gərginliyi əsasən NATO-ya üzv olan qeyri-regional ölkələr artırır və burada ön sırada Böyük Britaniya dayanır.
Korçunov bildirib ki, bu ölkələr yüksək enliklərdə hərbi təmkindən uzaq davranaraq bölgəyə potensial hərbi əməliyyatlar teatrı kimi yanaşırlar.
Xatırladaq ki, noyabr ayında ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem “düşmənlərin Arktikaya nəzarəti ələ keçirməyə çalışdığı” barədə açıqlama vermişdi. Bloomberg isə Danimarka hakimiyyətinin Qrenlandiyada Rusiya ilə mümkün birbaşa silahlı münaqişəyə hazırlaşdığını yazmışdı.
Qeyd edək ki, daha sonra Rusiya Avro-Arktika regionu ölkələri ilə fövqəladə hallar üzrə sazişdən çıxdığını açıqlayıb.
DOĞRU.AZ




























