image-n1karobka_ads
image-123
image-17598238842621117504_1200x630backend

Türk Dövlətlərinin ÜDM-i 1 trilyon dolları ötüb

image-ad_qayo_720x110px

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ümumi daxili məhsulu (ÜDM) 2025-ci ilin birinci yarısında 1 trilyon dollar həddini keçib.

Doğru.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) TDT Katibliyi ilə birgə hazırladığı və 8 dildə təqdim olunan “Türk iqtisadi icmalı”nın 2025-ci ilin ikinci rübünə dair buraxılışında məlumat verilib.

Hesabata əsasən, TDT ölkələrinin ümumi ÜDM artım tempi orta hesabla 5,4 faiz təşkil edib ki, bu da qlobal artım tempini (2,3 faiz) iki dəfə üstələyib. Təşkilata üzv ölkələrin ümumi ÜDM-i 1 trilyon 112,6 milyard dollara çatıb.

Qazaxıstan, Türkmənistan və Özbəkistan müvafiq olaraq 6,2 faiz, 6,3 faiz və 7,2 faiz artım nümayiş etdiriblər. Şimali Kipr Türk Respublikasında (ŞKTR) 6,4 faiz, Qırğızıstanda isə 11,7 faiz artım qeydə alınıb. Azərbaycanın iqtisadiyyatı 1,5 faiz, Türkiyənin iqtisadiyyatı isə 3,6 faiz böyüyüb.

2025-ci ilin birinci yarısında qlobal ticarətdə artımın zəifləməsinə baxmayaraq, TDT ölkələri beynəlxalq ticarətdə güclü mövqelərini qoruyub. Ümumi ticarət dövriyyəsi 701,6 milyard dollar təşkil edib və bu, qlobal dövriyyənin 4,2 faizi deməkdir. Azərbaycan 920 milyon dollarlıq, Qazaxıstan isə 7,68 milyard dollarlıq ticarət profisiti ilə fərqlənib.

Maliyyə sektorunda da əhəmiyyətli artım müşahidə olunub. Qazaxıstanın dövlət gəlirləri 17,6 faiz artaraq 28,45 milyard dollara, Türkiyənin gəlirləri 149,58 milyard dollara, Azərbaycanın büdcə gəlirləri isə 5,1 faiz artımla 11,65 milyard dollara çatıb.

Hesabatda qeyd olunur ki, yaşıl və rəqəmsal iqtisadiyyata keçid TDT ölkələrinin prioriteti olaraq qalır. Qazaxıstan 3,2 milyard dollarlıq bərpaolunan enerji layihələrinə vəsait ayırıb, Özbəkistan isə yaşıl istiqrazlar vasitəsilə 1 milyard dollar toplayıb. Azərbaycan da yaşıl enerji və rəqəmsal infrastruktur sahəsində investisiyaları artıraraq ağıllı idarəetmə və e-hökumət xidmətlərini genişləndirir.

Rəqəmsal transformasiya sahəsində Qazaxıstanın rəqəmsal iqtisadiyyatı ÜDM-in 9,2 faizini təşkil edir, Türkiyə isə ağıllı şəhər layihələrində mühüm irəliləyiş əldə edib. Azərbaycanda isə Zəngəzur və Qarabağ iqtisadi zonalarında ağıllı şəhər və kənd konseptləri həyata keçirilir.

Mütəxəssislər hesab edirlər ki, TDT ölkələrinin yaşıl texnologiyalar, rəqəmsal infrastruktur və qeyri-neft sektoruna yatırımlarını artırması regionu qlobal iqtisadi mərkəzlərdən birinə çevirə bilər. Orta Dəhlizin inkişafı isə Asiya ilə Avropa arasında strateji ticarət əlaqələrini daha da möhkəmləndirəcək.

2025-ci ilin ikinci yarısında TDT regionunda davamlı inkişaf, rəqəmsal yeniliklər və yaşıl enerji layihələrinin iqtisadi artımın əsas hərəkətverici qüvvələrinə çevriləcəyi gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki