Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası sentyabrın 14-də Şuşa şəhərində təşkil olunacaq. Tədbir Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə keçiriləcək.
Doğru.az xəbər verir ki, Assambleyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dövlət rəsmiləri, maliyyə requlyatorları və sığorta assosiasiyalarının nümayəndələri iştirak edəcək.
Tədbir rəsmi açılış, türk dövlətlərinin maliyyə requlyatorları və sığorta assosiasiyalarının iki ayrı müzakirə panelindən ibarət olacaq. Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin yenidən formalaşdırılmasına dair “Proklamasiya sənədi” imzalanacaq.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 2022-ci il mayın 24-də İstanbulda Azərbaycan və Türkiyənin sığorta assosiasiyalarının təşəbbüsü ilə təsis edilib, daha sonra Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının assosiasiyaları müşahidəçi təşkilat olaraq qoşulub. Birliyin birinci Assambleyası “Yol xəritəsi”nə əsasən Azərbaycanda təşkil olunur.
DOĞRU.AZ