UFC-nin prezidenti Deyna Uayt Bakıda təşkil olunan döyüş gecəsindən sonra jurnalistlərin suallarını cavablandırıb. O, ilk dəfə Azərbaycana səfər etdiyini və ölkəmizdə olmaqdan böyük zövq aldığını bildirib.
“Bura möhtəşəm yerdir. Bakı şəhərinə valeh oldum, yeməkləriniz dadlıdır, insanlarsa olduqca qonaqpərvərdir. Hətta həyat yoldaşıma da Azərbaycan haqqında danışmışam. Prezident İlham Əliyevlə görüşmək imkanı qazandım, bu da mənim üçün unudulmaz an oldu”, – deyə Deyna Uayt vurğulayıb.
O qeyd edib ki, turnir böyük maraqla qarşılanıb və döyüş gecəsini 14 mindən çox azarkeş izləyib.
Qeyd edək ki, UFC gecəsində Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Rafael Fiziyev qələbə qazanıblar. Tofiq Musayev isə Qırğızıstan döyüşçüsü Mıqtıbek Orolbaya məğlub olub.
DOĞRU.AZ