27–28 sentyabr 2025-ci il tarixlərində Ulutau vilayətində Türk Mədəniyyəti və İrsi Fondu və Qazaxıstan Respublikasının Ulutau vilayəti Akiminin birgə təşkilatçılığı ilə “Cuçi Xan və Qızıl Orda: Böyük Çölün tarixi, irsi və sivilizasiyası” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans baş tutub.
Doğru.az xəbər verir ki, tədbirin əsas məqsədi Cuçi Xanın irsinin və Qızıl Ordanın tarixinin elmi əsaslarla araşdırılması, bərpa, folklor, musiqişünaslıq və sənətşünaslıq sahələrində tədqiqatların aparılması, eyni zamanda Ulutau bölgəsinin mədəniyyətində ortaq türk dəyərlərinin öyrənilərək bütövlükdə türk sivilizasiyasının mənəvi irsi kimi qiymətləndirilməsi olub.
Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Tatarıstandan alimlər və mütəxəssislər iştirak ediblər. Toplantıda “Cuçi Ulusu və Qızıl Orda dövründə dövlətçilik və tarixi-mədəni proseslər”, həmçinin “Türk dünyasının XII–XIV əsrlər musiqi-folklor irsi və mənəvi dəyərləri. Küyçü-bəstəkar Ketbuka xanın tarixi-mədəni irsi” mövzuları müzakirə olunub.
Plenar iclasda Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Ulutau vilayətinin Akimi Dastan Rıspəkov, eləcə də Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət Komitəsi sədrinin müavini Maksat Arğınbekov çıxış ediblər. Aktotı Raimkulova nitqində Cuçi Xanın irsinin və Qızıl Orda tarixinin dərin araşdırılmasının müasir dövr üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Konfrans çərçivəsində zəngin mədəni proqram da təqdim olunub. Türk Dünyasının tanınmış ansamblı “TURAN” “TAMYR” adlı konsert proqramı ilə çıxış edərək 40-dan çox milli musiqi alətini və türkdilli xalqların musiqi irsini nümayiş etdirib. Bundan əlavə, iştirakçılar üçün Ulutau bölgəsinin tarixi-mədəni abidələrinə ekskursiya təşkil olunub. Qonaqlar Cuçi Xan, Alaş Xan və Dombaul məqbərələrini ziyarət edərək bölgənin zəngin tarixi və mədəni irsi ilə tanış olublar.
DOĞRU.AZ