Son illərdə Almaniyaya gələn qaçqınların yarıdan çoxunun işi var.
“Spiegel” bu barədə Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun və Bamberqdəki Otto Fridrix Universitetinin alimlərinin birgə araşdırmasına istinadən yazır.
Alimlərin fikrincə, əgər 2016-cı ildə kişi qaçqınların cəmi 16%-i işləyirdisə, 2020-ci ildə bu rəqəm artıq 55%-ə çatıb. Almaniyanın işçi qüvvəsində qaçqın qadınların payı bu dövrdə 6%-dən 17%-ə yüksəlib.
Alimlər müəyyən ediblər ki, qaçqınların əksəriyyəti Almaniyada köməkçi heyət və ya sıravi mütəxəssis kimi işləməyə başlayıb. Bununla belə, öyrənilən dörd il ərzində ölkənin bu kateqoriyalı sakinləri arasında peşəkar mütəxəssislərin sayında nəzərəçarpacaq artım müşahidə olunub.
2020-ci ildə 18-65 yaş arası qaçqın kişilərin üçdə biri artıq peşəkar kimi işləyirdi, yalnız 18%-i hələ də köməkçi heyət kimi çalışır. Eyni tendensiya qaçqın qadınlar arasında da müşahidə olunub: 2020-ci ildə 10% peşəkar, 5% isə köməkçi işçi kimi çalışıb.
Mənbə: Sputnik