İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlət tərəfindən tətbiq edilən dəstək və güzəştlər özəl sektor üçün əlverişli işgüzar mühit formalaşdırıb.
Doğru.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, bölgədə fəaliyyət göstərən rezidentlər 1 yanvar 2033-cü ilədək mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən tam azad olunub. Eyni zamanda, müvafiq fəaliyyət sahələri üzrə idxal edilən avadanlıq və xammala görə ƏDV və gömrük rüsumları tətbiq edilmir, dividendlərdən əldə olunan gəlirlər vergiyə cəlb olunmur.
Bildirilib ki, istehsal sahəsində çalışan rezidentlər üçün kommunal xidmətlər üzrə dəstək də nəzərdə tutulub. Belə ki, 2033-cü ilədək istehlak edilən kommunal xidmətlərə görə ödənişlərin 20 faizi dövlət tərəfindən geri qaytarılır.
Stimullaşdırıcı mexanizmlərdən biri də mehmanxana və hotel xidmətlərinə görə ödənilən ƏDV-nin geri qaytarılmasıdır. Nağdsız ödənişlərdə 30 faiz, nağd ödənişlərdə isə 5 faiz ƏDV vətəndaşlara geri qaytarılır.
Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən tam azaddır. Həmçinin idxal olunan texnika və avadanlıqlar üçün ƏDV və gömrük rüsumu tutulmur.
Nazirlikdən bildirilib ki, bu dəstək mexanizmləri Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yeni istehsal və xidmət müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına mühüm töhfə verir.
DOĞRU.AZ




























