İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məqsədilə bu ilin ilk altı ayında 1 milyard 552,4 milyon manat vəsait istifadə olunub.
Doğru.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat verib. Bildirilib ki, sifarişçi təşkilatların təqdim etdiyi kassa sifariş sənədləri əsasında, illik nəzərdə tutulmuş vəsaitin 38,8 faizi artıq xərclənib.
Məbləğin 1 milyard 353,6 milyon manatı infrastruktur layihələrinə yönəldilib. Bunlara avtomobil yollarının tikintisi və yenidən qurulması (1 milyard 58,2 milyon manat), yeni yaşayış komplekslərinin salınması (239,5 milyon manat), magistral su xətləri və kollektorların tikintisi (33,7 milyon manat), sənaye parkları üçün infrastruktur (20,5 milyon manat), eləcə də xarici elektrik təchizatı işləri (1,7 milyon manat) daxildir.
Eyni zamanda, 182 milyon manat təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü sosial layihələrin maliyyələşdirilməsinə, 16,8 milyon manat isə mina təmizləmə tədbirlərinə ayrılıb.
DOĞRU.AZ