Azərbaycan Respublikasının “Azturk Holding” şirkətinin prezidenti Güləli Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Çinin Fushou bölgəsinə rəsmi səfər edib.
Doğru.az xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında iqtisadi, hüquqi və biznes əməkdaşlığının genişləndirilməsi məqsədilə yüksək səviyyəli görüşlər keçirilir.
Səfərin əsas məqsədlərindən biri Çin-Azərbaycan iqtisadi əməkdaşlıq və “Azturk Holding” – Çin-Azərbaycan Biznes və Hüquqi Əməkdaşlıq Mərkəzinin rəsmi açılışıdır. Həmçinin, dünyanın ən böyük inşaat layihələrindən biri sayılan “NeoOrdo” layihəsi üzrə əməkdaşlıq haqqında müqavilənin imzalanması nəzərdə tutulur.
Nümayəndə heyəti Fushou və Quançjou şəhərlərində bir sıra yüksək rütbəli Çin rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərdə iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya imkanları və biznes mühitinin təkmilləşdirilməsi müzakirə olunur.
“Azturk Holding”in irəli sürdüyü “NeoOrdo” layihəsi Avrasiyada ticarətin rəqəmsal transformasiyasını hədəfləyir və Çin-Azərbaycan-Avropa ticarət yolunda vahid logistika, sertifikatlaşdırma və distribusiya platforması yaradır. Layihə Azərbaycanı Qafqaz regionunda aparıcı tranzit mərkəzinə çevirməyi, ticarəti sürətləndirməyi və xərcləri azaltmağı nəzərdə tutur.
Səfər çərçivəsində Çinli investorlar Azərbaycanda sərmayə imkanları ilə tanış edilərək şəffaf və təhlükəsiz biznes mühiti təqdim olunub. Güləli Bağırov bildirib ki, Azərbaycan-Çin əməkdaşlığı hər iki tərəf üçün qazan-qazan modelidir.
Səfər “Azturk Holding” və Azərbaycanın Avrasiya ticarət xəritəsindəki strateji rolunun gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
DOĞRU.AZ





























