Cari ilin 8 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 972 mindən çox ödəniş tapşırığı icra edilib və büdcə gəlirlərində yüksək göstəricilər qeydə alınıb.
Maliyyə Nazirliyindən Doğru.az-a bildirilib ki, yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 26 milyard 359,4 milyon manat təşkil edib. Bu, səkkiz aylıq proqnozu 698,7 milyon manat və ya 2,7 faiz üstələyir.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 milyard 561,1 milyon manat təşkil edərək proqnozdan 592,1 milyon manat və ya 5,4 faiz çox olub. Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 30,3 milyon manat təşkil edərək proqnozu 7,2 milyon manat və ya 31 faiz üstələyib, sair daxilolmalar 528,7 milyon manat təşkil edərək proqnozdan 317,5 milyon manat və ya 2,5 dəfə çox, Dövlət Neft Fondundan transfert isə 9 milyard 654 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra olunub.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 160,6 milyon manat təşkil edərək proqnoza qarşı 98,1 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 424,7 milyon manat təşkil edərək proqnoza qarşı 75,6 faiz icra olunub.
Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 8 ayında 23 milyard 725,9 milyon manat proqnoza qarşı 22 milyard 308 milyon manat məbləğində icra edilib ki, bu da 94 faiz təşkil edir.
DOĞRU.AZ