image-2000x150px
image-123
image-ads_atlas
image-020backend

“Dünyanı yenidən yaşıl edək” mövzusunda beynəlxalq fotomüsabiqə keçirilir – FOTO

image-728x90px

Dəniz səviyyəsinin qalxması, daşqınlar, şiddətli quraqlıqlar, su qıtlığı, yanğınlar, fırtınalar və biomüxtəlifliyin itirilməsi. Dünya hər gün bu təbiət hadisələri ilə qarşılaşır. Ancaq hamı belə fəlakətlərin əsas səbəbinin iqlim dəyişimələri olduğunu düşünmür. Hazırda ölkələr iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə aparır. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi bu işə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə Həmrəylik ili” elan edilib. Bundan əlavə, bu il Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək. Bu tədbirə dünyanın müxtəlif ölkələrindən on minlərlə qonaq və turistin səfər etməsi gözlənilir.

Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubu öz növbəsində “Yaşıl dünya naminə Həmrəylik ili”nə və COP29 tədbirinə dəstək vermək məqsədi ilə “Dünyanı yenidən yaşıl edək” (Make World green again) adlı beynəlxalq fotomüsabiqə təşkil edir. Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) himayədarlığı ilə keçirilən fotomüsabiqənin mövzusu və məqsədi dünyada baş verən iqlim dəyişmələrini insanlara fotolar vasitəsi ilə çatdırmaqdır. Dünyanın müxtəlif yerindən olan bütün fotoqraflar çəkdikləri fotolar ilə bu fotomüsabiqədə iştirak edə bilər. Fotomüsabiqəyə sel və daşqınlar, quraqlıqlar, səhralaşmalar, meşə yanğınları, buzlaqların əriməsi, Ozon təbəqəsi, təbii su ehtiyyatlarından qeyri-səmərəli istifadə, günəş və külək elektrik stansiyaları, təbiətə atılan tullantılar və onların idarə olunması, havaya buraxılan qazlar və s. kimi fotolar qəbul olunur.

Müsabiqədə dünyanın müxtəlif ölkələrindən olan fotoqraflar iştirak edə bilər. Yarışmaya fotolar bu ilin sentyabr ayına kimi qəbul olunacaq. Fotolar Azərbaycan, Türkiyə, İtaliya, Yunanıstan və Şimali Makedoniyadan olan 5 nəfər peşəkar fotoqrafdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Noyabr ayında isə COP29 tədbiri günlərində fotosərginin keçirilməsi də nəzərdə tutulur.

Müsabiqənin linki: https://eco.gilavar.net

DOĞRU.AZ

image-fiap-certificate
FIAP Certificate

image-020

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki