Lombard sektorunun ölkənin maliyyə bazarındakı payı çox kiçikdir.
Doğru.az xəbər verir ki, iqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, lombardların bazardakı xüsusi çəkisi cəmi 1–2 faiz civarındadır və bank sektoru ilə müqayisədə ümumi həcmi xeyli azdır.
Ekspert bildirib ki, sektorun payı kiçik olsa da, onun iqtisadiyyat və cəmiyyət üçün özünəməxsus təsiri var:
“Əsasən aztəminatlı şəxslər, maliyyə savadlılığı zəif olan insanlar və təcili pul ehtiyacı yarananlar daha çox lombardlara müraciət edirlər. Bu fəaliyyət növü dünyanın əksər ölkələrində mövcuddur və həm müsbət, həm də mənfi tərəfləri var”.
E. Əmirov qeyd edib ki, lombard sektorunun nəzarətsiz fəaliyyəti ciddi risklər yarada bilər və buna görə də sahə davamlı şəkildə nəzarətdə saxlanılmalıdır:
“Onların maliyyə bazarındakı payı böyük olmasa da, sosial baxımdan əhəmiyyətli bir sahədir. Lombardlar əhali üçün əlçatan olmalı, fəaliyyətləri isə ciddi şəkildə tənzimlənməlidir”.
Ekspert əlavə edib ki, bu sahədə nəzarətin gücləndirilməsi həm istehlakçıların hüquqlarının qorunmasına, həm də bazarda şəffaflığın artırılmasına xidmət edir.
Mənbə AZƏRTAC




























