image-2000x150px
image-123
image-ads_atlas
image-69cfe366b49291157cca4ef76bc89a4abackend

Əliyev-Paşinyan görüşünün yeni ünvanı: nə Moskva, nə Brüssel – Tiflis…

image-728x90px

İrəvan Rusiyanın maraqlı olmadığı məkana razılıq verəcəkmi; deputat: “Qərbdəkilər həvəsləndirməsələr, haylar buna getməyəcəklər”; politoloq: “Ermənistan havadarlarının bütün təzyiqlərinə rəğmən, Tiflis prosesindən yayına bilməyəcək”

Azərbaycan və Ermənistan arasında yeni ildə yüksək səviyyəli ilk görüşün hansı paytaxta baş tutacağı hələ ki naməlumdur. Rəsmi Bakıdan ötrü əslində məkan önəm kəsb etmir.

Azərbaycan tərəfi üçün ən mühümü sülh danışıqların məlum 5 prinsip əsasında aparılmasıdır. Bunun kənarında aparılacaq müzakirələr yalnız vaxt itkisidir və o halda görüşlərin hansı paytaxtda reallaşacağının əhəmiyyəti qalmır. Bununla belə, hiss olunur ki, Bakı Brüssel formatı çərçivəsində sülh danışıqlarının qaldığı yerdə davamında maraqlıdır. Yaxud ən azından, buna etiraz etməyəcək. Prezident İlham Əliyevin ötən həftəsonu Davos Dünya İqtisadi Forumu çərçivəsində Niderlandın baş naziri Mark Rutte ilə görüşündə söylədiyi fikir belə bir qənaəti gücləndirir. “Azərbaycan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanla danışıqlar aparmağa hazırdır”, – deyə İlham Əliyev görüşdə qeyd edib və M.Rutteyə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında məlumat verib, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin vacibliyini vurğulayıb. Bəllidir ki, “Brüssel prosesi” məhz rəsmi İrəvanın təxribatı, konkret olaraq baş nazir Nikol Paşinyanın danışıqlarda Makronun da iştirakını şərt kimi irəli sürməsindən sonra dayanıb. Ancaq Davosda İlham Əliyev Cənubi Qafqazın 3 ölkəsi arasında – üçlü platformada danışıqlara da Bakının hazır olduğunu bəyan edib. Bu format isə ABŞ tərəfindən məxsusi dəstəklənir. Artıq Azərbaycan liderinin açıqlamasına İrəvandan da reaksiya var. “Rəsmi İrəvan hazırda Ermənistan, Gürcüstan və Azərbaycan liderlərinin iştirakı ilə görüş keçirmək ideyasını nəzərdən keçirir”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli mediaya müsahibəsində söyləyib. “Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafına böyük maraq göstərir. Biz mümkün Tiflis platformasını ikitərəfli Ermənistan-Azərbaycan görüşləri baxımından deyil, regional üçtərəfli müzakirələr prizmasından nəzərdən keçiririk. Hazırda Ermənistan və Gürcüstan baş nazirlərinin Azərbaycan Prezidenti ilə görüşü gündəmdədir”, – deyə Mirzoyan vurğulayıb. Heç şübhəsiz, Rusiyadan fərqli olaraq, Gürcüstan Azərbaycan və Ermənistan arasında ən səmimi və ideal vasitəçi ola bilər. Çünki Tiflis bu vasitəçilikdə heç bir əlahiddə, məkrli maraq güdmür, Bakı və İrəvanın barışığına ürəkdən can atır. Ona görə ki, bu barışıq bölgədə Gürcüstanın milli maraqlarına tamamilə uyğundur. Bəs Tiflis formatının başqa hansı üstünlüyü var və o, Brüssel və ya Moskva prosesinə alternativ ola bilərmi, yoxsa yalnız köməkçi platforma rolunda çıxış edəcək? Rusiyalı tanınmış politoloq Sergey Markedonov erməni mediasına açıqlamasında sülh danışıqları üçün müxtəlif platformaların özəlliklərindən danışarkən deyib ki, Qərb Bakı və İrəvan arasında çərçivə sazişinin daha tez rellaşlmasını istəyir, çünki bu halda sülhməramlıların Qarabağda mövcudluğunun legitimliyi, 102-ci hərbi bazanın Ermənistanda olmasının zəruriliyi və aktuallığını gündəmə gətirmək mümkün olacaq. “Moskva isə deyir ki, gəlin əvvəlcə yerdə bir az iş görək – kommunikasiyaların açılması, delimitasiya və demarkasiya məsələlərini çözək, Qarabağ məsələsini isə indiki kəskinliyi itənədək sonraya saxlayaq. Yəni Rusiya yavaş-yavaş tələsməyi, Qərb isə bu işləri sürətləndirməyi təklif edir”, – deyə o vurğulayıb.

Rəsmi Moskva Qafqazı özünün təsir dairəsi saydığı üçün buraya Qərbin barmaq uzatmasına belə razı olmur. Bir neçə ay əvvəl Rusiya Prezidenti Ermənistana Vaşinqtonun təklifləri ilə bağlı ironiyalı təklif vermişdi. Hansı ki, rəsmi Vaşinqton hər hansı təklif masaya qoymayıb. Rusiya bununla, sadəcə, ermənilərə demək istəyir ki, ABŞ və Avropaya meyillilik onun cəzalandırılması ilə bitə bilər. Gürcüstanın Qərb dövlətlərinin maraq dairəsində olması da reallıqdır. Bu mənada rəsmi Moskvanın Tiflisin vasitəçiliyinə “yaşıl işıq” yandıracağı inandırıcı görünmür. Rusiya hətta Aİ-nin vasitəçiliyi ilə görüşlərin davamına maraqlı olmadığını aydın nümayiş etdirdisə, sonda istəyinə nail oldusa, bundan sonra onun Tiflisin namizədliyinə razılaşacağı real deyil.

Sahib Alıyev (siyasətçi) — Vikipediya

Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərliyinin üçtərəfli görüşünün keçirilməsi təşəbbüsü əslində yenilik deyil: “Azərbaycan torpaqları işğal altında olanda qərbdəkilər özləri də belə təşəbbüslə çıxış edir, Güney Qafqazı vahid orqanizm kimi gördüklərini bildirir, həm investiya və turistlərin cəlbi, həm də istehsal potensiallarının artması və rəqabətədavamlı iqtisadiyyat formalaşdırmaq baxımından bunun regiondakı hər üç dövlət üçün böyük perspektivlər açdığını vurğulayırdılar. İkinci Qarabağ savaşı bitdikdən az sonra artıq Azərbaycan Prezidenti cənab İlham Əliyev belə bir təşəbbüslə çıxış etdi ki, əslində bunu Ermənistan rəhbərliyi bizə qarşı etdikləri vəhşiliklər qarşılığında böyük alicənablıq kimi qiymətləndirməli idilər. Əlbəttə, İlham Əliyev kimi dərin strateji baxış daşıyıcısının bu təşəbbüsü ilk növbədə öz dövlətimizin maraqlarının təmini üçündür, amma eyni zamanda regionun hər üç dövlətinə gözəl perspektivlər vəd edir”.

S.Alıyev qeyd etdi ki, nə Azərbaycanın dövlət başçısı bu fikri ilk dəfə səsləndirəndə, nə də ötən il Gürcüstana səfəri zamanı dilə gətirəndə rəsmi İrəvanın reaksiyası oldu: “İndi reaksiya var, amma Ermənistanın xarici işlər naziri Mirzoyanın o təşəbbüsü dəyərləndirdiklərini deyib, ardınca da perspektivsizliyindən dəm vurması onu göstərir ki, qərbdəkilər həvəsləndirməsələr, haylar buna getməyəcəklər. Azərbaycan torpaqları işğal altında olanda belə bir təşəbbüslə çıxış edənlərin əsl məqsədlərinin o zaman nə olduğu da elə indi tam üzə çıxacaq. İstənilən halda, Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etdiyi, bununla kifayətlənməyib, onun gündəliyini və formatını da irəli sürdüyü göz qabağındadır. Bizə Ermənistanla nə bitmiş Qarabağ məsələsinin Rusiyanın istədiyi kimi, “həllinin sonraya saxlanması”nın ön görüldüyü, ikimərhələli, nə də qərbin maraqlarına cavab verən çərçivə anlaşması lazımdır. Çünki bu anlaşmaları irəli sürənlərin məqsədi regionda dayanıqlı sülhün, əmin-amanlığın, qonşu dövlətlər arasında normal əlaqələrin yaranmasından daha çox, qarşı duran tərəflər üzərində təzyiq mexanizmini qoruyub saxlamaq, geosiyasi maraqlarının reallaşdırlmasında ondan faydalanmaqdır”.

Deputat qeyd etdi ki, Rusiyanın sülh variantının arxasında nə durduğu aydındır: “Nə qədər mümkündürsə, bir o qədər öz hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmaq. Qərbin dəstəklədiyi və tezliklə bağlanmasını istədiyi konkretlilik dəcəsi aşağı çərçivə sülh anlaşması isə Ermənistana manevr etmək, üzərinə götürdüyü, amma ona əl verməyən öhdəlikərin yerinə yetirilməsindən qaçmaq, vaxtını uzatmaq şansı verir. Üçtərəfli bəyanatda iki maddədə nəzərdə tutulanların qarşı tərəfin yerinə yetirməməsi təcrübəsini və böyük güclərdən heç birinin, ilk növbədə də sənədin altında imzası olan Rusiyanın ondan bunu tələb etməməsini də nəzərə alaraq biz beynəlxalq normalara dayanan 5 prinsipdən ibarət hərtərəfli sülh anlaşması istəyir, buna çalışırıq. Çünki bunsuz regionda dayanıqlı sülh mümkün deyil”.

Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın iqtisadi gəlirləri daha da artacaq - Tural İsmayılov - "İki sahil"

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov hesab edir ki, Tiflisin vasitəçiliyi istənilən halda uğurludur: “Gürcüstan Cənubi Qafqaz regionunda sabitliyin olmağından həmişə maraqlıdır. Həm də Azərbaycan və Ermənistan arasında vasitəçilik Gürcüstanın siyasi çəkisinin artmasına da kömək edir. Ağdamın mina xəritələrinin qaytarılması prosesində də Gürcüstan vasitəçilik etmişdi. Rəsmi Tiflis gələcək kommunikasiya və infrastruktur layihələrində də Azərbaycanın vacib tərəfdaşıdır”. Politoloq qeyd etdi ki, belə olan təqdirdə Ermənistan havadarlarının bütün təzyiqlərinə rəğmən, Tiflis prosesindən yayına bilməyəcək: “Digər tərəfdən, Avropa İttifaqı Şurasının moderatorluğu ilə də uğurlu təmaslar davam edirdi. Əgər Şarl Mişel Makron və Paşinyanın təxribatlarını dayandırsa, bu proses davamlı olacaq. Hər halda, rəsmi Brüsselin prosesə münasibəti Moskvadan daha adekvat və çevik görünür hələ ki. Rusiya sülhməramlıların daha çox qalmağında maraqlıdır. Ona görə də Tiflis və Brüssel mərkəzli görüşləri Ermənistan vasitəsilə sabotaj etməyə çalışacaq. Ancaq bütün link cəhdlərinə rəğmən Tiflis və Brüssel formatı tezliklə işlək olacaq”.

Gəncəyə raket atılması Qərbin maraqlarına ZƏRBƏDİR - Politoloq Məhəmməd Əsədullazadə

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bu fikirdədir ki, Azərbaycan və Ermənistan arasında Brüssel formatının tezliklə başlanılması gözlənilmir: “Ümumiyyətlə, Paşinyan sülhə hazır deyil və ölkəsində konstitusiya referendumunu keçirdikdən sonra buna getməyi planlaşdırır. Ona görə istənilən formatı manipulyasiya edir. Moskva və Brüssel formatına Azərbaycan etiraz etməyib, yalnız İrəvan prosesi uzadıb, Rusiya da burada məmnun görünür”. M.Əsədullazadənin sözlərinə görə, ümumiyyətlə, Rusiyanın vasitəçiliyi sülhə xidmət etmir: “Çünki qalıcı sülh Rusiya üçün dəhşətli yuxudur. Rusiya iki ölkə arasında böhranın davam etməsində maraqlıdır. Ona görə də Qarabağ məsələsinin həll edilmədiyini və gələcəyə saxlamağı təklif edir”. Tiflis görüşünə gəldikdə isə politoloq dedi ki, bu, Azərbaycan Prezidentinin təklifidir: “Belə bir görüş mümkündür. Çünki Gürcüstan da burada səmimidir və prosesi Vaşinqton aparır. ABŞ dövlət katibi gələn ay Azərbaycan və Ermənistan liderlərinin Tiflisdə görüşünü təşkil etməyə və çərçivə sazişinin bağlanmasına çalışır. Bu saziş Azərbaycanın təklifləri üzrə hazırlanıb. Azərbaycan buna hazırdır. Amma İrəvan tələsmir. Vaşinqton siyasi təzyiqlər edərsə, Tiflisdə görüş mümkündür və prosesin Brüssel gündəliyi ilə deyil, Vaşinqton prosesi çərçivəsində Tiflisdə aparılmasi gözlənilir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki