Göygöl rayonunda mütaliə imkanlarının genişləndirilməsi istiqamətində daha bir yenilik reallaşdırılıb.
Doğru.az xəbər verir ki, “AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı ilə şəhərin mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında müasir formatda interaktiv kitab köşkü quraşdırılıb.
Yeni köşk sakinlərə istənilən vaxt asan, pulsuz və sərbəst şəkildə kitab əldə etmək imkanı yaradır. Layihənin əsas üstünlüklərindən biri isə mütaliəni rəqəmsal texnologiyalarla birləşdirən sadə qeydiyyat mexanizmidir. Belə ki, istifadəçi köşkdəki QR kodu smartfonla oxudaraq elektron sistemə daxil olur və geniş siyahıdan istədiyi kitabı seçib götürə bilir.
Sistem kitab dövriyyəsinin idarə olunmasını rahatlaşdırmaq üçün avtomatik xatırlatma funksiyasına malikdir. Oxucu kitabı götürdükdən 15 gün sonra ona SMS bildirişi göndərilir və kitabın qaytarılması xahiş olunur. Bundan başqa, elektron platforma ən çox kitab oxuyan və kitabları vaxtında geri qaytaran istifadəçiləri müəyyənləşdirərək onların reytinqini formalaşdırır. Rüb ərzində ən yüksək nəticə göstərən oxucular “AzerGold” tərəfindən hədiyyələrlə mükafatlandırılacaq.
Köşkd 400-dək yeni nəşr – dünya klassikləri, Azərbaycan və dünya ədəbiyyatı nümunələri, uşaq və yeniyetmələr üçün kitablar, həmçinin biznes və özünüinkişaf mövzularında nəfis tərtibatlı əsərlər təqdim olunur.
“AzerGold” QSC layihə ilə regionlarda oxu mədəniyyətinin təşviqinə, icmaların intellektual inkişafına dəstək verməyi hədəfləyir. Qeyd edək ki, bu təşəbbüsün ilk nümunəsi ötən il Daşkəsənin Quşçu kəndində quraşdırılmış kitab köşkü olmuşdu. Layihə “Kitab sovqatı”, “Uşaq kitab dostu” kimi maarifləndirici proqramların uğurlu davamı kimi dəyərləndirilir.
DOĞRU.AZ





























