ABŞ və Böyük Britaniya Yəməndə husilərə qarşı hücumlardan bir həftə əvvəl qrupa Bab əl-Məndəb boğazından keçən gəmilərə hücumları dayandırmaq üçün ultimatum təqdim etmişdi.
Bu barədə Amerikanın “Wall Street Journal” qəzeti yazır.
“Zərbələr çoxlu sayda qabaqcadan xəbərdarlıqların ardınca həyata keçirilib: bir həftə əvvəl ABŞ, Böyük Britaniya və əsas müttəfiqləri beynəlxalq gəmiçiliyə hücumları dayandırmaq üçün üsyançı qrupa ultimatum verdilər”, – nəşr bildirib.
Qeyd olunur ki, yanvarın əvvəlində ABŞ prezidenti Co Bayden Qərbin husilərə qarşı mübarizədə mümkün variantlarını müzakirə etmək üçün milli təhlükəsizlik üzrə “komandasını” toplayıb.
Nəşr ABŞ ordusuna istinadən yazır ki, koalisiyanın xəbərdarlığına baxmayaraq, husilər cümə axşamı gəmi əleyhinə ballistik raket atıb və o, ticarət gəmisinin gözü qarşısında suya düşüb.
Mənbə: CNN Türk