Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin iyul ayında 12 aylıq inflyasiya 5 faiz təşkil edib.
Doğru.az xəbər verir ki, qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,2 faiz, ödənişli xidmətlər üzrə 5,6 faiz, qeyri-qida məhsulları üzrə isə 2,1 faiz olub. İllik baza inflyasiya isə 4,6 faiz səviyyəsində qeydə alınıb.
Mərkəzi Bank beynəlxalq mühitdə qeyri-müəyyənliklərin davam etdiyini açıqlayıb. Lakin onların daxili inflyasiyaya təsiri son aylarda əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0,7 faiz, ərzaq qiymətləri isə 3,3 faiz azalıb.
BVF iyulda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu azaldıb, 2026-cı ilə dair proqnozunu isə dəyişməz saxlayıb.
Ötən iclasdan bəri inflyasiya üzrə risk balansında ciddi dəyişiklik müşahidə olunmayıb. Qlobal ticarətdəki dalğalanmalar idxal qiymətlərini əsas xarici risk faktoru kimi önə çıxarır. Daxildə isə əsas risk xərc amillərinin aktivləşməsi və məcmu tələbin artması ilə bağlıdır.
Mərkəzi Bank bildirib ki, cari ilin sonunadək məcmu tələbin dinamikası əsasən dövlət xərclərinin icrasından asılı olacaq. 2025-ci ilin sonunda kredit qoyuluşlarının illik artım tempinin isə 2024-cü illə müqayisədə daha aşağı olacağı gözlənilir.
DOĞRU.AZ