İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 8-də Livana rəsmi səfər edəcək.
Doğru.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Abbas Əraqçi jurnalistlərə məlumat verib. Nazir səfərin İran–Livan münasibətlərinin genişləndirilməsi fonunda baş tutduğunu bildirib.
Onun sözlərinə görə, Tehran Livan cəmiyyəti və ölkə hakimiyyəti ilə əlaqələrin daha da inkişafında maraqlıdır:
“Sabah Livana gedirəm. Livanla, bütün Livan cəmiyyəti və həmin ölkənin hökuməti ilə münasibətlərimiz həmişə mövcud olub və biz bu münasibətləri genişləndirməyə çalışırıq. Qarşı tərəfdə də bu istiqamətdə istək var”, – deyə Əraqçi qeyd edib.
Nazir əlavə edib ki, səfər zamanı onu iqtisadi bloku təmsil edən rəsmilərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Qeyd edək ki, bundan əvvəl İranın bir sıra bölgələrində ölkədəki iqtisadi vəziyyətlə bağlı etirazlar fonunda təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Eyni zamanda, “The Times” qəzeti İranın Ali Lideri Əli Xameneinin iğtişaşların şiddətlənəcəyi halda Tehrandan təxliyə olunması ilə bağlı planın mövcud olduğunu yazıb.
DOĞRU.AZ




























