image-2000x150px
image-123
image-ads_atlas
image-4f007823031eab29a12c38a5be640ac6backend

Şaftalı məsələsi

image-728x90px

“Ərik bunu eşidib nərə çəkdi,

Dedi gilasa bax, necə qudurmuşdur!”

(Füzuli, “Meyvələrin söhbəti”)

Baş prokurorluq meşələrdə ocaq qalayanlar, zibil atıb yanğınlara səbəb olanlara ciddi xəbərdarlıq edib. Mətnin axırıncı cümləsi mənim çox xoşuma gəldi: “Meşələr dünyanın ağ ciyəridir!”

Romantik müraciətdir. Qreta Tunberq vaxtilə bunu oxusa, bəlkə, məktəbi atmaz, gəlib Zabratda oxuyardı. Belə davam etməliyik.

Əslində mənim yadıma gəlir, prokurorluq hər zaman ədəbi-bədii orqan olmuşdur. 90-cı illərdə orda bir kişi işləyirdi, adı yadımdan çıxıb, tez-tez təmsillər yazırdı. Tülkü belə getdi, çaqqal elə gəldi… Cinayətkarları poetik dillə, Ezop üsuluyla ifşa edirdi, yaxşı da nəticələr əldə olunmuşdu, həmin dövrdə cinayətkarlığın aşkar edilib götürülməsi artmışdı. Neçə adam vardı, gəlirdi prokurorluğa, deyirdi daha gizlənə bilmirəm, Filankəs müəllimin təmsillərini oxuyandan özümə yer tapmıram, məni içəri basın, xahiş edirəm.

Ancaq sonra nəsə bu mədəni-yuridik əlaqələr kəsilmişdi. İdarə rəhbərliyinin də mənfi rolu vardı, məsələn, bir ara bəstəkar prokuroru (təəssüf, onun da adı yadımda qalmayıb) işdən çıxarmışdılar. Demişdilər ya ittihamnamə yaz, ya da toy mahnıları. İkisi bir araya sığmır.

Allaha şükür, indi deyəsən vəziyyət müsbətə doğru dəyişir. Hər sahədə bu əlaqələri görürük. Təzəlikcə “Tərtər işi”nə görə çoxlu adam tutublar, biri şair imiş. Sən demə əsgərlərə işgəncə veribmiş. Necə? Şeirlərini oxuyurmuş. Buyurun, siz də o əzab alətlərindən misra ilə tanış olun: “Azərbaycan, səndən ayrı qalsam ölərəm, Ana yurdum ən müqəddəs məmləkət!”

Yeri gəlmişkən, şair AYB-nin üzvü, çoxlu kitab müəllifidir və hesab edirəm prokurorluq bundan çıxış edərək Anar müəllimin “Tərtər hadisələrində” iştirakı ehtimalını araşdırmağa borcludur. AYB-nin qurultayı niyə indi, istintaq sürətlənəndə keçirilir?

Bu arada Ukrayna ordusu Balakleya şəhərini rus işğalçılardan azad edib, İzyum şəhərinə doğru irəliləyir. Əziz oxucular, sözlərin bizə şirin gəlməsinə diqqət edin. Bu, təsadüf deyil. Balakleya şəhəri eyni adlı çayın üzərindədir, orda qədimdən çoxlu balıq olur və şəhərin adı “balıqlı yer” anlamını verir. İzyum da, həmçinin, türk sözündən yaranıb. İki versiya var: birincisi “düzən yer”, ikincisi elə “üzüm” sözüdür. İki slavyan xalqın türk ellərində dava çıxarması dünyamızın qəribə hallarından biridir. Gərək biz vaxtında o yurdlarımızı qoyub çıxmazdıq. Harda türk var, orda sülh var.

Dil xalqın yaddaşıdır, ona barmaq arası yanaşmaq olmaz. Təzəlikcə mövzu atılıb, deyirlər Azərbaycanda müəllimlər arasında bilik yoxlanılıb, 18 faiz müəllim “anbar” sözünü “ambar”, “şaftalı” sözünü “şafdalı”, “şənbə” sözünü də “şəmbə” kimi yazıbdır. Hamı ağız-ağıza verib, müqəddəs müəllimlərimizə lağ edir, ancaq araşdıranda görürsən ortada səhv-zad yoxdur.

İlk növbədə, “anbar” sözü. Bu, fars köklü sözdür, lakin Türkiyə türkcəsində “ambar” şəklində yazılır. “Ne tuhaf şey,

hani siz ölmüştünüz kardeşim.

İstanbul limanında

kömür yüklerken bir İngiliz şilebine,

kömür küfesiyle beraber

ambarın dibine…” – Nazim Hikmətin “Ölümə dair” şeirindəndir.

Bəlkə, müsabiqədə onu “ambar” yazanlar elə Türkiyədə oxuyub gələnlərdir? Serialların təsiri də çoxdur, hələ 15 il qabaq rayonda bir müəllim mənə nəql etmişdi ki, şagirdi çağırıram, mənə “əvət” deyə cavab verir.

Üstəlik, istəyirsən anbar yaz, istəyirsən ambar, məna dəyişmir. Belə sözlərin hər iki yazılış formasını qəbul etməliyik. Məşhur-məhşur, layihə-lahiyə və sairə sözlər də bunun tayıdır. Xalqı, şagird və müəllimləri mənasız əziyyətə məruz qoyuruq. İkisi də məqbul sayılsın, bu düşük tema bağlansın. Guya müəllim “anbar”ı “ambar” yazanda seçkidə sinəsində protokol daşıya bilmir? Əlaqəsiz iraddır.

“Şaftalı” sözünün işi bir az qəlizdir. Bu da fars köklü sözdür, “şaft – alu” , “ətli ərik” mənasındadır. Təbii ki, biz şaftalının ərik olmadığını bilirik, meyvə olaraq bu daha çox gavalı ilə qahımdır, niyə İrana qoşulub şaftalı deməliyik? Üstəlik, İranın Ermənistanla yaxınlaşması fonunda. Yaxşı olar biz elə İrana etiraz üçün şaftalını səhv yazaq. Yaxşı, dövlətçi meyvə olsa, xalqa bəzən allergiya verməzdi.

Hətta mən təklif edirəm biz anbar və şaftalının yerinə öz milli sözlərimizi düzəldək. Əslində bu sözlər var! Anbar yerinə saxlanc, şaftalı yerinə də tüklü gavalı deməliyik.

Şənbənin işinə də başqa gün baxarıq, öz günündə analiz etməyək, İsraillə münasibətlərimiz əladır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki