image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-1backend

Sivilizasiyanın toxunmadığı yerdən – FOTO/REPORTAJ

image-728x90px

İordaniyanın cənubundakı Vadi Rum səhrası Yer kürəsini tərk etmədən özünüzü başqa planetdə tapmaq üçün bir fürsətdir. Bura çöl safarisi üçün ən sevimli turist marşrutu hesab olunur.

İordaniyanın landşaftı Yer kürəsinin digər yerlərindən çox fərqlidir: ərazisinin təxminən 90%-i yarımsəhra və səhralardır. Ən məşhur səhrası isə Vadi Rumdur. Bu səhranı “sivilizasiyanın, zamanın toxunmadığı yer” adlandırırlar. “İordaniyanın cənubundakı Vadi Rum səhrası (Wadi Rum) Yer kürəsini tərk etmədən özünüzü başqa planetdə tapmaq üçün bir fürsətdir. Zamandan kənarda və zahirən məkandan kənarda bir yer…”, – deyə qədim səyyahlar Vadi Rumu belə təsvir ediblər.

İordaniyanın ən böyük vadisi qumdaşı və qranitdən yaranıb.  Bura təkcə ölkənin deyil, dünyanın unikal təbii görməli yerlərindən biridir.

Səhraya “Ay Vadisi” də deyirlər. Astronavt James İrvin Vadi Rumu gördükdən sonra deyib: “Bu yer Ayda olduğum vaxtda gördüklərimə Yer kürəsində ən yaxın yerdir”. Astronavtın bu sözlərindən sonra “Ay Vadisi” adı bütün dünyada populyarlaşıb.

“Kaspi” qəzeti mövzu ilə bağlı reportaj hazırlayıb.

“Vadi Rumu görmədən qayıtma”

Vadi Rum Qırmızı dəniz sahilindəki tarixi Aqaba şəhərindən 60 kilometr məsafədə yerləşir. Turizm şirkətləri Vadiyə özəl və qrup turları təşkil edirlər. Vadi Ruma giriş üçün 7 dinar (16 AZN) ödəmək lazımdır. “Jordan Pass” alan turistlər Vadiyə pulsuz daxil ola bilirlər. Amma öncə, Vadii Rum turist bürosunda bileti təsdiqlətdirmək lazmdır. Turistlər arasında “İordaniyaya getdinsə Vadi Rumu görmədən qayıtma” fikirləri geniş yayılıb. Özəl tura qoşulmaq üçün adambaşına 65 ABŞ dolları (110 AZN) ödəyib qeyri-adiliyi gözlərimizlə görmək üçün çöl safarisi turuna qoşulduq.

Vadi çöl safarisi üçün ən sevimli turist marşrutu hesab olunur. Səhrada Jeep traslarından başqa heç bir yol yoxdur. Dəvələr başqa bir məşhur nəqliyyat vasitəsidir, səhradan piyada getmək mümkün deyil.

Turistlər həmçinin Vadi Rumun yaxınlığında Əl Hicaz qatarına minib vadini gəzə bilirlər. Hicaz dəmir yolu 1900-1908-ci illər arasında Osmanlılar tərəfindən müsəlmanların müqəddəs yerlərə  səfərlərinin təşkili məqsədi ilə tikilib.

Vadi Ruma daxil olan kimi qarşımızda inanılmaz dərəcədə gözəl bir mənzərə açılır: Vadi Rum inanılmaz gözəlliyi və unikallığı ilə şifahi təsvirə meydan oxuyur. Burada hər şey valehedicidir: rənglərlə oynayan qayalar, bir-birinə qarışmayan çoxrəngli qumlar, sonsuz səma və sükut… Zamanla təbii qüvvələrin – küləklərin, günəşin və yağışın təsiri ilə bu səhrada füsunkar bir mənzərə formalaşıb: ən qəribə formalı qayalar, təbii tağlar, quyular və kanyonlar yaranıb. Ara-sıra səhranın qumlarının rəngi dəyişir – qırmızıdan sarıya çevrilir.

Jeep safari turunda bizi müşayiət edən Abdulla adlı bələdçimiz vadinin iqlim xüsusiyyətləri haqqında danışır: “Gün ərzində küləklər üzündən temperatur kəskin dəyişir. Gündüz və axşam temperaturu arasında böyük fərq var. Məsələn, iyul ayında İordaniyanın attraksionlarına baş çəksəniz, o zaman gündüz 32 dərəcəyə, axşam və gecə isə 13 dərəcəyə hazır olun”.

Vadi Rum qayalarının bəzilərində rəsmlər diqqət çəkir. Səhradakı petroqliflər, yazılar və arxeoloji tapıntılar 12 min illik insan həyatının və ətraf mühitlə qarşılıqlı əlaqənin sübutudur. Burada 25 min mağara rəsmi 20 min yazı ilə birləşib. Hər qaya qeyri-adi dizaynı olan bir memarlıq əsəridir.

UNESCO-nun Rum Vadisini Dünya İrs Siyahısına daxil etməsinin səbəbi də məhz bu tarixiliyi və əsrarəngizliyi qorumaq arzusudur.

Bədəvilərin həyat tərzi

Bütün bunlarla yanaşı, Vadi Rum heç də təbiətin sivilizasiyadan uzaq cansız guşəsi deyil. Ta Nəbati krallığı dövründən bədəvilər – köçəri ərəblər səhrada məskunlaşıblar. Onlar öz adət-ənənələrini qoruyaraq çadırlarda yaşayır, dəvə, qoyun-quzu saxlayırlar. Bəzi çadırların yanında yolsuzluq avtomobillərini də görmək olur. Səhrada mağaralarda yaşayanlar da var.

Tur zamanı bədəvi çadırlarının birində isti çaya qonaq oluruq. “Ucsuz-bucaqsız səhranın ortasında, çadırda küləyin yaratdığı tozanaqlar, insanlardan uzaq tənhalıqda necə yaşamaq olar?” sualını köçəri ərəb gözümüzdən oxuyur: “Bu, əsrlərdən bəri bizim həyat tərzimizdir. Ocaq qalayıb yemək, çay hazırlayırıq. Artıq elektrik enerjisi də var. Ramazan ayında hamımız oruc tuturuq. İndi iftar açmağa hazırlaşırıq. Təsərrüfatımız dolanışığımıza kömək olur”.

Bələdçimiz ərəblərin son dövrlər səhrada turizmlə əlaqəli ənənəvi üslubda qurduqları müasir qonaq evləri ilə də bizi tanış edir. Səhrada gecələyən turistlər ərəb musiqisi dinləyə, çay və ya kofe içə, qum altında bişən dadlı yeməkdən yeyə bilirlər. Turlara günəşin qürubunu izləmək və gecənin sakitliyində səmada sayrışan ulduzları seyr etmək də daxildir.

Hollivud filmlərinin çəkiliş meydanı 

Vadi Rum Mars səthinə bənzərliyi ilə məşhur olduğuna görə bir neçə Hollivud filmlərinin çəkilişi üçün də məşhur məkan olub. Son illərin ən çox səs salan “Marslı” filminin çəkilişlərinin aparıldığı məkanla tanış oluruq. Vadi Ruma Marsın yerdəki filialı da deyilir. “Uzaq planetlər haqqında filmlər üzərində işləyərkən rejissorlar daha çox Vadi Rumu seçirlər”, – deyə Abdulla bildirir.

Səhrada həmçinin “Transformerlər – Məğlubların qisası”, “Qırmızı planet”, “Marsda son günlər” və s. filmlər də çəkilib. Bundan əlavə, Vadi Rum dünya kinosu tarixinə 1962-ci ildə “Oskar” mükafatı qazanmış “Ərəbistanlı Lourens” filminin çəkiliş məkanı kimi düşüb. Film 1916-1918-ci illərdə Böyük Ərəb Üsyanında mühüm rol oynamış Britaniya zabiti və səyyahı Tomas Edvard Lourensin tərcümeyi-halından bəhs edir. Zabit daha sonra “Yeddi hikmət sütunu” adlı xatirə kitabını nəşr etdirib və qısa versiyada kitab “Səhrada yüksəliş” adlanıb. Kitabın səhifələrində Vadi Rumun inanılmaz mənzərələrini təsvir etməyə çox yer ayrılır və müəllif onun qaya birləşmələrini “möcüzəli göydələnlər” adlandırır. Sonralar Vadi Rum dağlarından biri “Yeddi hikmət sütunu” adını alıb.

Ulduzların, qumun və günəşin həmişə sakit vadisi öz həyatını yaşayır və hər kəsi səhranın sakitliyini yaşamağa, üfüq xətlərində azmağa, ruhunu sakitləşdirməyə dəvət edir…

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki