Macarıstan, Slovakiya və Çexiya Ukrayna üçün Avropa Birliyinin 90 milyard avroluq yeni kreditinin təmin edilməsi mexanizmində iştirak etməyəcək. RİA Novosti agentliyinin məlumatına görə, müvafiq qərar Brüsseldə keçirilən sammitdən sonra qəbul olunub.
Doğru.az xəbər verir ki, Aİ Şurası bu kredit üçün yaradılacaq zəmanət fondunun sözügedən üç ölkə üçün istisnalar nəzərdə tutduğunu rəsmi şəkildə açıqlayıb. Yekun bəyanatda bildirilir ki, Aİ büdcə resurslarının səfərbər edilməsi Çexiya, Macarıstan və Slovakiyanın maliyyə öhdəliklərinə təsir göstərməyəcək.
Qeyd edək ki, bundan əvvəl Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev Aİ sammitinin nəticələrini şərh edərək, dondurulmuş Rusiya aktivlərinin birbaşa müsadirəsi ilə bağlı razılığın əldə olunmadığını vurğulamışdı. “The New York Times” isə yazıb ki, bu mövzuda razılığın olmaması Almaniya kansleri Fridrix Merts və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen üçün ciddi siyasi məğlubiyyət sayılır.
DOĞRU.AZ




























